Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının paytaxtda, Rusiya səfirliyi qarşısında keçirmək istədiyi piketə razılıq verməyib. İmtina qərarı koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan məhdudiyyətlə əsaslandırılıb.
Nazirlər Kabinetinin tətbiq etdiyi xüsusi karantin rejiminin yasaqlarından biri ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsidir.
ADR Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi bilgidə qeyd etmişdi ki, aprelin 12-nə təyin olunan aksiyada Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə etiraz şüarları səslənəcək.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb.
Novator.az-ın məlumatına görə, ADR Partiyasının sədri Qubad İbadoğlu yaydığı açıqlamada Bakı Şəhər İcra Hakimiyyətini konstitusion haqları pozmaqda günahlandırıb: “Necə ola bilər ki, qapalı yerlərdə 300 nəfərlik toya və digər mərasimlərə icazə verilir, amma açıq havada 50 nəfərlik piketə epidemioloji vəziyyət əsas gətirilərək yasaqlanır? Ölkədə epidemioloji vəziyyətin normallaşdığı göz önündədir. Sadəcə, Azərbaycan hakimiyyətinin Rusiya səfirliyi qarşısında piketə icazə verməyə cəsarəti çatmır, Kremldən qorxurlar”.
Son məlumata görə, ADR Partiyasının İdarə Heyəti piket keçirmək qərarını qüvvədə saxlayıb. Aksiya aprelin 12-si saat 15-ə təyin edilib.
Rusiyanın Azərbaycandakı səfirliyi paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində yerləşır.
ADR Partiyası 2021-ci ildə, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında təsis olunub.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.