Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsini və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarını şərh edib. Qərarda deyilir ki, cinayət törətmiş şəxsin Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz prinsipinin pozulmasına gətirib çıxarmır: “Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsindən sonra inzibati məsuliyyətə cəlb edilməsi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. İnzibati məsuliyyətə cəlb etmə müddəti xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır”.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.
İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılmasını nəzərdə tutur.
Məcəllənin 38-ci maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.