Prezident İlham Əliyevin 16 dekabr 2021-ci il fərmanına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin özəlləşdirilməsini həmin mənzillərin satışı yolu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirməlidir. Nazirliyə mənzillərin satışından əldə olunan vəsait hesabına Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.
Dövlət başçısının 11 aprel 2022-ci il fərmanı həmin mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını rəsmiləşdirir.
Qaydaya əsasən, satışa çıxarılan mənzillər üzərində dövlətin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Mənzillərin bazar dəyərini nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici müəyyən edir. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndirilir.
Mənzillərin satışı nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçirilir.
Satışdan əldə olunan vəsait nazirliyin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürülür. Mənzillərin satışından əldə olunan vəsaitdən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün mənzillərin alınması, fərdi evlərin tikintisi, o cümlədən layihə-smeta sənədlərinin hazırlanması və ekspertizasının aparılması, xarici kommunikasiyalara qoşulması, satışa çıxarılan mənzillərin qiymətləndirilməsi, satışın rəsmiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə istifadə edilir.