Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib. Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binada inzibati otaqlar və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə otaqları yaradılıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən institutda ilahiyyat fakültəsi, dinşünaslıq, islamşünaslıq, dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir, ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə kadrlar hazırlanır.
Bakalavriat səviyyəsi üzrə dinşünaslıq və islamşünaslıq ixtisasları, magistratura səviyyəsi üzrə dinin sosiologiyası, dinin psixologiyası, dinlərin tarixi və islamşünaslıq ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları tədris olunur.
İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.
Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur.