Pakistanın baş naziri İmran Xan istefaya göndərilib.
Novator.az-ın məlumatına görə, qərar aprelin 9-u axşam Milli Assambleyada qəbul edilib.
Assambleya İmran Xana etimadsızlıq göstərib.
Milli Assambleya parlamentin aşağı palatasıdır. 342 deputatdan ibarətdir. 272 nəfər dairələrdən seçilir. 60 mandat qadınlar, 10 mandat dini azlıqlar üçün ayrılıb, onların seçkisində proporsional sistem (partiya siyahıları) tətbiq olunur.
İmran Xana etimadsızılıq göstərilməsi təklifinin lehinə 174 deputat səs verib. Bu, səslərin yarıdan çoxu deməkdir. Ona görə də səsvermə baş nazirlə bağlı etimadsızlıq votumunun qəbul olunması ilə nəticələnib.
Etimadsızlığa əsas səbəb kimi ölkədə iqtisadi vəziyyətin pisləşməsi göstərilir.
İmran Xan 2018-ci il avqustun 18-dən baş nazir idi. Onun başçılıq etdiyi Ədalət Uğrunda Hərəkat həmin il iyulun 25-də Milli Assambleyaya keçirilən seçkidə qalib gəlmiş, yekunda İmran Xan digər qüvvələrlə birgə hökumət qurmuşdu.
Parlament respublikası olan Pakistanda son vaxtlar hökumət böhranı yaşanırdı. İmran Xan ona etimadsızlıq göstərilməsi cəhdinin qarşısını almaq üçün Milli Assambleyanın buraxılmasına nail olmaq istəyirdi. Aprelin 3-də ölkə prezidenti Arif Alvi hökumətin istefaya göndərilməsi və Milli Assambleyanın buraxılması barədə qərar imzalasa da, Ali Məhkəmə qərarı ləğv etmiş, deputatlar qarşısında assambleyaya qayıtmaq tələbi qoymuşdu. Ali Məhkəmənin bu qərarı artıq İmran Xanın baş nazir postundan vaxtından əvvəl uzaqlaşdırılacağı məsələsinin qətiləşməsi kimi yozulurdu.
1947-ci ildə dövlət müstəqilliyi qazanmış Pakistanın indiyədək heç bir baş naziri səlahiyyət müddətinin sonunacan postunda qala bilməyib.
Milli Assambleyanın səlahiyyət müddəti 5 ildir.
100 nəfərlik yuxarı palata – Senat üçün isə 6 il səlahiyyət müddəti müəyyən olunub, qurumun tərkibinin üçdə biri iki ildən bir yenilənir.
Arif Alvi 2018-ci il sentyabrın 4-dən Pakistanın prezidentidir. O, dövlət başçısı postuna Ədalət Uğrunda Hərəkatın namizədi kimi seçilib. Arif Alvini bu vəzifəyə parlamentin aşağı və yuxarı palatalarının, həmçinin əyalət məclislərinin deputatlarından ibarət seçicilər kollegiyası seçib.
Prezidentin səlahiyyət müddəti 5 ildir.