Prezident İlham Əliyev təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı tənzimləməyə fərman verib. Aprelin 7-də imzalanan sənəddə yerli icra hakimiyyəti orqanlarına müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidir.
Fərmanda Nazirlər Kabinetinə də tapşırıqlar yer alıb.