Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 7-də azərbaycanlı jurnalist Eynulla Fətullayevin şikayəti üzrə qərarını açıqlayıb. Aihmaz.org xəbər verir ki, iş jurnalistə həbsdə olarkən, 2009-cu ildə irəli sürülmüş narkotik vasitə saxlama ittihamını əhatə edir. Qərara əsasən, jurnalistin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan bir çox haqqı pozulub və Azərbaycan dövləti ona 4 min avro təzminat ödəməlidir.
Novator.az bildirir ki, Eynulla Fətullayev 2007-ci ildə təhqirdə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin il jurnalistə yeni ittihamlar irəli sürülüb, o, terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınmada təqsirli bilinərək 8 il 6 ay həbs cəzası alıb.
2009-cu ildə Eynulla Fətullayevə narkotik vasitə saxlama ittihamı verilib, 2010-cu ildə jurnalistə 2 il 6 ay həbs cəzası kəsilib.
2010-cu ildə Eynulla Fətullayevin birinci iş üzrə cəzası tam ləğv edilib, ikinci iş üzrə cəzası 2 il 3 aya endirilib.
Jurnalist 2011-ci il mayın 26-da əfv sərəncamı ilə azadlığa buraxılıb.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.