ABŞ-da, Ağ evdə belə qənaətə gəliblər ki, Rusiyanın Kiyev ətrafından geri çəkilərək qoşunlarını Ukraynanın şərq bölgələrinə cəmləməsi müharibənin yeni və daha şiddətli mərhələsinin başlanacağını xəbər verir. Novator.az-ın məlumatına görə, “Vaşinqton Post” qəzeti bununla bağlı məqalədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivana istinadla bildirir ki, Ağ ev müharibənin uzanacağını proqnozlaşdırır.
Qəzetin yazdığına əsasən, Ceyk Sallivan deyib ki, Ukraynanın güclü müqaviməti ilə üzləşmiş Rusiya öz hərbi planlarını yenidən nəzərdən keçirir: “Hərbi analitiklərin fikrincə, Ukraynanın güclü müqaviməti Rusiyanı ağır döyüşlərlə qarşı-qarşıya qoyub. Xeyli hərbi texnika və canlı qüvvə itirən Rusiya ordusunun Ukrayna torpağındakı hissələri tükənib. Rusiya komandanlığı isə yaxın perspektivdə hələ ki, yalnız sərəncamında olan resurslarla keçinmək məcburiyyətindədir. ABŞ rəsmiləri hesab edir ki, Kiyev vilayətində cəmləşmiş bölmələrin təqribən üçdə ikisi Donbasda planlaşdırılan əməliyyatlara hazırlıq məqsədilə Belarusa və Rusiyaya qaytarılır.
Müşahidəçilər belə gedişatın Ukraynaya üstünlük əldə etmək imkanı verəcəyini deyir. Ancaq Rusiyanın bu taktikasının sonrakı nəticəsi ağır ola bilər, çünki prezident Vladimir Putinin son məqsədindən əl çəkməyə hazır olduğu duyulmur. ABŞ rəsmilərinin fikrincə, Putinin son hədəfi Ukraynanı daha çox zəiflətməkdir”.
Ceyk Sallivan bildirib ki, proseslər Rusiya Ukraynanın şərqində ağır əməliyyatlara hazırlaşdığından, həmin istiqamətdə Ukrayna qüvvələrini mühasirəyə alıb məhv etmək planından xəbər verir: “ABŞ hesab edir ki, Rusiya Ukraynanın şərqində onlarla əlavə batalyonlar yerləşdirmək istəyir. Bu isə on minlərlə əlavə hərbçi deməkdir. İllüziyaya qapılmaq olmaz, Rusiyanın yenidən mülki əhalini hədəfə almayacağına, amansız hücumlar həyata keçirməyəcəyinə heç bir zəmanət yoxdur.
Moskva, çox güman ki, şərqdəki hədəflərə kökləndiyi üçün bütün Ukrayna boyu, o cümlədən Kiyev, Odessa, Xarkov və Lvov kimi şəhərlərə hava zərbələri, raket zərbələri endirməyə davam edəcək. Putinin niyyəti Ukraynaya ağır hərbi və iqtisadi zərər vurmaq və sözün açığı, terror yaşatmaqdır”.
Altı həftədir davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən minlərlə insanın həlak olduğunu yazan “Vaşinqton Post” qəzeti paytaxt ətrafında yerləşən Buça şəhərində kütləvi məzarlıqların aşkarlandığını xatırladaraq vurğulayır ki, Rusiyanın törətdiyi tükürpədən cinayətlər yaxın zamanda tərəflərin sülhə gəlməsi şanslarını da ciddi şübhə altında qoyur.
ABŞ-ın Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Rob Lin “Vaşinqton Post”a deyib ki, Buçada üzə çıxan vəhşiliklər Ukraynanın Rusiyaya güzəştə gedəcəyi ehtimalını minimuma endirir: “İtki çoxaldıqca Moskva ilə kompromisə getmək məsələsi bir o qədər düyünə düşür”.
Hərbi-Dəniz Qüvvələri Analitik Mərkəzinin Rusiya üzrə eksperti Maykl Kofman Rusiya qoşunlarının tükəndiyi fikrindədir. O, “Vaşinqton Post”a açıqlamasında bildirib ki, Putin üçün yeganə çıxış yolu Ukraynaya hücumun “xüsusi hərbi əməliyyat” deyil, “genişmiqyaslı müharibə” olduğunu Rusiya xalqı qarşısında etiraf edib siyasəti kökündən dəyişmək, səfərbərliyə qərar verməkdir. Kofmanın fikrincə, yalnız Putinin “xüsusi əməliyyat” iddiasından əl çəkib müharibəni etiraf etməsi ona ölkənin hər yerindən əlavə qüvvə cəlb etməyə imkan yarada bilər.
Maykl Kofman vurğulayıb ki, Moskva bir əldə iki qarpız tutmağa çalışır, Ukraynada müharibə apardığı halda bunu “xüsusi hərbi əməliyyat” adlandırır, hətta baş verənlərin müharibə adlandırılmasına rəsmən yasaq qoyub cəzalar tətbiq edir: “Amma alınmır. Ruslar Ukraynada “əməliyyat” adı altında müharibə apara bilmirlər. Ona görə Rusiyanın siyasi rəhbərliyi indi çox mühüm seçim qarşısındadır”.
Mənbə: Washingtonpost.com