Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Milli Məclisin 5 aprel iclasında 2021-ci ilin hesabatını verib. AZƏRTAC-ın məlumatına görə, illik məruzəni təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, ötən il 80359, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 3116 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 76720 akt qanunvericiliyə uyğun sayılıb, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4092 müraciətə baxılıb: “İnzibati nəzarət icraatı zamanı bələdiyyələrə qanunvericiliyin tələblərinə zidd olan 3286 aktla bağlı təkliflər verilib, onların 2232-si ləğv edilib, 732-si dəyişdirilib, təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9096 hektar torpaq sahəsinin, o cümlədən 6848 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.
2021-ci ildə bələdiyyələrin 75 vəzifəli şəxsi inzibati məsuliyyətə alınıb. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib. Həmin materiallardan 15-i üzrə cinayət işi başlanıb.
Yerli vergi və ödənişlərin hesablanması, ödənməsi sahəsində problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanıb. İl ərzində uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub. Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım təxminən 2,5 milyon manat təşkil edib. Həmçinin torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 2 milyon manatdan çox hissəsinin yerli büdcələrə ödənməsi təmin edilib”.
Azərbaycanda bələdiyyə institutu 1999-cu ildən fəaliyyət göstərir. Yerli özünüidarə qurumlarına seçkilər 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə keçirilib.
Hazırda 1606 bələdiyyə var.