Ukraynada işğalçı müharibə aparan Rusiya dünya birliyinin ağır iqtisadi sanksiyaları ilə üzləşib, o cümlədən ölkənin bir çox bankı asan vəsait köçürülməsi sistemindən (SWİFT) çıxarılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, Rusiyanın bank-maliyyə sektoruna sanksiyaların, xüsusilə 10-dək ən iri bankın SWİFT-dən uzaqlaşdırılmasının Azərbaycanın bank sektoruna təsiri barədə analiz aparmaq çox çətindir: “Məlumat qıtlığı var. Hakimiyyətin 10 illərdir ölkəni məhkum etdiyi informasiya qapalılığı biznesin də canına hopub. Daha doğrusu, biznes hökumət, hökumət də biznes demək olduğundan hökumət özünü biznesmen, biznes isə özünü hökumət kimi aparır. Belə olmasa, Azərbaycanın bank sektorunun durumu, mümkün risklər və onları önləmək addımlarına dair etibarlı hesabat və analizlər də ortaya çıxardı.
Milli bank sektorumuzun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır. Ən azı ona görə ki, beş-üç bankı çıxmaq şərti ilə yerdə qalan bütün bankların müxbir hesabları Rusiyanın banklarında idi.
Bizim bankların Rusiya banklarında müxbir hesabının olması o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, VİSA və “Masterkard” kimi ödəmə kartlarından istifadəsi məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür. Yəni Rusiya bankları vasitəçi bank kimi bizə oradakı müxbir hesablar üzərindən klirinq xidmətləri (öhdəliklərin qarşılıqlı əvəzlənməsi, ləğvi əsasında aparılan nağdsız hesablaşma sistemi) göstərir.
Bildiyimə görə, bank sektorunda üstün payı olan banklardan yalnız Beynəlxalq Bankın bilavasitə Avropa və ABŞ banklarında müxbir hesabları var. Belə hesabları olan digər üç-dörd bank isə bank sektorunda çox da böyük paya malik deyil.
Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq. Biznes və sadə vətəndaşlar dollar və ya avro hesablarından, həmçinin beynəlxalq ödəniş kartlarından istifadə üçün ABŞ və Avropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar”.