Kanadanın baş naziri Castin Tryudo bəyan edib ki, “Böyük iyirmilik” (G20) ölkələri Rusiyanın və onun prezidenti Vladimir Putinin bu qrupda iştirakına yenidən baxmalıdır.
Novator.az-ın məlumatına görə, baş nazir deyib ki, fevralın 24-dən Ukraynada işğalçı müharibə aparan Vladimir Putinlə bir masa arxasında əyləşmək G20 üzvləri üzvləri üçün həm çətin, həm də səmərəsiz olacaq: “Vladimir Putinin heç nə baş verməyibmiş kimi qrup üzvləri ilə bir masa arxasında əyləşməsi normal sayıla bilməz. Çünki hazıda Ukraynada törədilənlər birbaşa onun günahı ucbatından baş verir”.
Castin Tryudo xatırladıb ki, G20-nin əsas vəzifəsi dünyada iqtisadi artımı təmin etməkdir, Rusiyanın iştirakı ilə belə bir vəzifəni yerinə yetirmək isə artıq mümkün deyil: “Rusiya Ukraynaya qanunsuz müdaxiləsi ilə bütün dünyada iqtisadi inkişafın qarşısını alıb və o, konstruktiv tərəfdaş ola bilməz”.
G20-nin təsis konfransı 1999-cu il dekabrın 15-16-da Berlində keçirilib. Qrup dünyanın 7 inkişaf etmiş ölkəsinin – ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb. Məqsəd inkişaf edən ölkələrlə iqtisadi və maliyyə siyasətinin mühüm aspektləri barədə dialoq aparılması olub.
Hökumət üzvləri və mərkəzi bank rəhbərlərinin klubu kimi fəaliyyət göstərən G20-yə hazırda 19 ölkə – ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqı daxildir. Avropa İttifaqını G20-də Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərləri təmsil edir.
G20-nin işinə beynəlxalq təşkilatlardan Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, BMT, Dünya Bankı da qatılır.
2008-ci ildən G20 dövlət başçıları səviyyəsində sammitlər keçirir.
Növbəti sammit 2022-ci il noyabrın 15-16-da İndoneziyada olmalıdır.
Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir Putinin həmin görüşdə iştirak edəcəyini açıqlayıb.
Kanadanın baş naziri Castin Tryudodan bir qədər əvvəl ABŞ prezidenti Cozef Bayden də Rusiyanın G20-dən çıxarılmasına tərəfdar olduğunu söyləyib. Çin Xalq Respublikası bunun əleyhinədir.
Mənbə: Cbc.ca