“Siyasi partiyalar haqqında” qanun partiyaların gəlir və xərclərini də tənzimləyir. Novator.az bildirir ki, sənəddə partiyaların gəlirləri belə sıralanır: üzvlük haqları; əmlakdan götürülən gəlir; tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir; ianələr şəklində gəlir; seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait; aşağı təşkilatların ödəncləri; dövlət büdcəsindən ayrılan vəsait; borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ; hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak; qalan gəlir.
Xərclərə bunlar daxildir: cari işlərə sərf olunan vəsait; siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər; ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər; aşağı təşkilatlara ödənclər; kreditlər üzrə faizlər; fərdi xərclər; qalan xərclər.
Qanuna görə, partiyalar hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməyə borcludur.
Azərbaycanda 58 siyasi partiya dövlət qeydiyyatındadır. Onların 34-ü Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib.
Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Qorqud Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası, Sosial Demokrat Partiyası, Birlik Partiyası, Təkamül Partiyası, Kommunist Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Milli Konqres Partiyası, Liberal Demokrat Partiyası, Yeni Zaman Partiyasının hesabatlarında hər hansı gəlir və xərclərinin olmadığı göstərilir.
Ədalət Partiyasının hesabatında 1463,9 manat ianə əldə edildiyi, həmin vəsaitin sərf olunduğu bildirilir.
Azərbaycan Xalq Partiyasının hesabatında qeyd olunur ki, qurum 660 manat ianə alıb, həmin vəsait xərclənib.
Vətəndaş və İnkişaf Partiyasının hesabatında 200 manat ianə əldə olunduğu, həmin vəsaitin sərf edildiyi bildirilir.
Müstəqil Xalq Partiyasının hesabatına əsasən, hər hansı gəlir olmayıb, 590 manat xərclənib.
Müsavat Partiyasının hesabatına görə, üzvlük haqqı üzrə 4300 manat əldə edilib, quruma 800 manat ianə gəlib, 5085 manat xərc çəkilib.
Ümid Partiyası heç bir gəliri olmadığını, 206,2 manat xərclədiyini bəyan edib.
Milli İstiqlal Partiyasının hesabatına görə, qurum üzvlük haqqı üzrə 2380 manat gəlir əldə edib, 2515,2 manat xərc çəkib.
Aydınlar Partiyası gəlir əldə etmədiyini, 420,7 manat xərci çıxdığını açıqlayıb.
Parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır.
69 deputatı olan Yeni Azərbaycan Partiyası hesabatında gəlirlərini 13 milyon 156,3 min manat göstərir. Rəsmi sənədə görə, bu məbləğin 1 milyon 888,2 min manatı dövlət büdcəsindən köçürülüb, 11 milyon 26,2 min manatı üzvlük haqqından, 219,2 min manatı əmlakdan, 22,5 min manatı başqa gəlirlərdən formalaşıb, partiya 10 milyon 649,5 min manat xərc çəkib.
3 deputatlı Vətəndaş Həmrəyliyi Partiyasının hesabatına görə, qurum dövlət büdcəsindən 256 min 14,7 manat əldə edib. Partiyanın xərcləri 276 min 561,8 manat göstərilir.
1 deputatlı Demokratik İslahatlar Partiyasının hesabatında dövlət büdcəsindən 206 min 283,6 manat vəsait alındığı qeyd edilir. Sənədə görə, partiyanın 209 min 587,9 manat xərci çıxıb.
1 deputatlı Demokratik Maarifçilik Partiyasının hesabatında dövlət büdcəsindən quruma 206 min 283,6 manat ayrıldığı qeyd edilir, xərclər 202 min 745,3 manat göstərilir.
1 deputatlı Böyük Quruluş Partiyasının hesabatına görə, dövlət büdcəsindən 206 min 283,6 manat alınıb, üzvlük haqqı üzrə 115 manat gəlir olub, 195 min 809,9 manat xərclənib.
1 deputatlı Ana Vətən Partiyası dövlət büdcəsindən 206 min 283,9 manat aldığını, 203 min 960,1 manat xərc çəkdiyini bəyan edib.
1 deputatlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatına görə, dövlət büdcəsindən quruma 206 min 283,6 manat köçürülüb, 206 min 291 manat xərc çıxıb.
1 deputatlı Milli Cəbhə Partiyası bildirib ki, dövlət büdcəsindən 206 min 283,6 manat alıb, 206 min 282,2 manat xərcləyib.