AXCP sədri Əli Kərimli partiyadaşı Şahin Hacıyevin məhkum olunmasını pisləyib.
Şahin Hacıyev ziyalıdır, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.
2021-ci il noyabrın 26-sı Gəncədə tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsi Şahin Hacıyevə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Novator.az-ın məlumatına görə, Əli Kərimli hökm barədə bunları yazır: “AXCP Gəncə şöbəsinin fəalı, tanınmış şahmat müəllimi Şahin Hacını hakimiyyət hamımızın gözü önündə şərlədi. Şahin bəy hakimiyyətin sərt tənqidçilərindəndir. Rejim onu susdurmaq üçün bütün vasitələrə baş vurdu. Hədələdilər, nəticə olmadı. Satın almağa cəhd etdilər, satılmadı. Şahin bəyə zor tətbiq etdilər, qorxmadı. Dəfələrlə inzibati qaydada həbs edib hər dəfə də xəbərdarlıq etdilər ki, bu, sonuncu inzibati həbsdir, susmasan, uzunmüddətli həbs olacaq. Şahin bəy susmadı. Sonda onu narkotiklə şərlədilər və sifarişli məhkəmə Şahin Hacını 6 il müddətinə azadlıqdan məhrum etdi.
İlham Əliyev hakimiyyəti də Putin yolu gedir. Rusiyada da, Azərbaycanda da rejimlər anlayır ki, hakimiyyətdə qalmalarının tək yolu həbslər, repressiyadır. Ən müxtəlif bəhanələrlə ictimai-siyasi fəalları həbs edirlər. Ancaq anlamırlar ki, həbslər indiyə qədər heç bir diktaturanı, avtoritar rejimi sonadək qoruya bilməyib. Azərbaycanda da belə olacaq. Şahin bəy 6 il müddətində həbsdə qalmayacaq. Üstəlik, Şahin bəy könüllü seçdiyi mübarizə yolunda mənən qalibdir. Bu boyda “topu, topxanası olan” hakimiyyət onun tənqidlərinin əlində aciz qaldı. Nə cavab verə, nə dözə bildi. İllərlə çalışdı, bütün vasitələrə baş vurdu, ancaq Şahin bəyi susdura bilmədi.
Məhz əqidəli, sərt xarakterli, prinsipial insanların apardığı fədakar mübarizə sayəsində Azərbaycanda da demokratiya qalib gələcək, azadlıq bərqərar olacaq. Şahin bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edirik!”
AXCP-nin daha 6 üzvü həbsdədir. Onların 4-ü azadlıqdan məhrumetmə cəzası çəkir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.
2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də, Pünhan Kərimov 2022-ci il yanvarın 25-də həbs edilib. Onlara satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.