Aihmaz.org-un 1 aprel 2022-ci il məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsinin 5533 qərarı icrasını gözləyir. Avropa Şurası Nazirlər Komitəsinin 2021-ci il hesabatında qeyd olunur ki, 2021-ci ildə ümumilikdə 1122 qərarın icrası başa çatdırılıb.
Hesabata əsasən, Azərbaycandan 2021-ci ildə 46 qərar icra mərhələsinə daxil olub.
Ermənistanın göstəricisi 22, Gürcüstanın göstəricisi 12-dir.
Rusiya üzrə icra mərhələsinə daxil olan qərarların sayı 267, Ukrayna üzrə 196 göstərilir.
İcra edilməmiş qərarların sayı bu ölkələr öndədir:
Rusiya – 1942
Ukrayna – 638
Türkiyə – 510
Rumıniya – 409
Azərbaycan – 271
Macarıstan – 265
İtaliya – 170
Moldova – 170
Bolqarıstan – 164
Polşa – 97.
2021-ci ildə Avropa Şurası ölkələri Avropa Məhkəməsinin qərarları əsasında 36 milyon avrodan çox təzminat ödəyiblər.
Sənədə görə, Azərbaycanın ərizəçilərə ödədiyi təzminatın ümumi məbləği 890 min avro olub.
İl ərzində ən çox təzminatı Rusiya (11 milyon 917 min avro), İtaliya (3 milyon 190 min avro) və Moldova (2 milyon 558 min avro) ödəyib.
Gürcüstanın göstəricisi 106 min avro, Ermənistanın göstəricisi 298 min avrodur.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icrası üzrə nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Rusiya 2022-ci ildə Avropa Şurasını tərk edib.