Yaponiyanın Xarici İşlər Nazirliyi son 19 ildə ilk dəfə Rusiyanın Cənubi Kuril adalarını işğal etdiyini vurğulayıb.
Novator.az-ın məlumatına görə, bu mövqe nazirliyin 2022-ci il üzrə xarici siyasət və beynəlxalq diplomatiyaya dair hesabatında əksini tapıb.
Hesabatda bildirilib ki, Yaponiyanın şimal əraziləri (Yaponiyada Cənubi Kuril adaları belə adlandırılır) Rusiyanın işğalı altındadır.
Hesabatda şimal əraziləri (Cənubi Kuril adaları) Yaponiyanın ayrılmaz hissəsi kimi qiymətləndirilib, həmin ərazilərin Yaponiyaya məxsus olduğu vurğulanıb.
Nazirlik sonuncu dəfə belə bir mövqeni 2003-cü ilin xarici siyasət və beynəlxalq diplomatiya hesabatında ortaya qoymuşdu. Sonrakı hesabatlarda Cənubi Kuril adalarının Yaponiyaya məxsus olduğu qeyd edilsə də, işğal sözü işlənməmişdi.
Siyasi ritorikanın dəyişməsi Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada başlatdığı işğalçı müharibə, həmin müharibə fonunda cərəyan edən hadisələrlə əlaqələndirilir.
Amma hesabatında Yaponiyanın Xarici İşlər Nazirliyi indiki şəraitdə Rusiya ilə Kuril adaları mövzusunda danışıqlar aparmağın perspektivinə inanmadığını da nəzərə çarpdırıb.
Kuril adaları Rusiyanın şərqindəki Kamçatka yarımadası ilə Yaponiyanın şimalındakı Hokkaydo adası arasında adalar qrupudur. Oxot dənizini Sakit okeandan ayıran Kuril onlarla irili-xırdalı adadan ibarətdir. Uzunluğu təqribən 1200 kilometr, sahəsi təqribən 15,6 milyon kvadrat kilometrdir.
Kuril adaları XIX əsrin ikinci yarısından XX əsrin ikinci yarısınadək Yaponiyanın tabeliyində olub. İkinci Dünya müharibəsinin sonunda – 1945-ci ildə Sovet İttifaqı adalara sahiblənib.
Hazırda Rusiya Federasiyasının tərkib hissəsi sayılan Kuril adalarında əsasən ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar. Onlar Rusiya vətəndaşıdırlar.
Xüsusilə 1991-ci ildə SSRİ dağılandan bəri Yaponiya Cənubi Kuril adalarını geri almaq istəyir.
Rusiyanın mövqeyi isə belədir ki, Cənubi Kuril adaları İkinci Dünya müharibəsindən sonra qanuni olaraq SSRİ-nin tərkibinə keçib və hazırda Rusiyanın həmin ərazi üzərində suverenliyi şübhə doğurmamalıdır.
İstər SSRİ dövründə, istərsə də Sovet İttifaqı dağılandan sonra Moskva ilə Tokio arasında İkinci Dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsi imzalanmayıb.
2022-ci il martın 21-də Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə sülh müqaviləsinin bağlanması üzrə danışıqlardan çıxdığını, həmçinin yaponların Kuril adalarının cənubuna vizasız gediş-gəliş imtiyazının ləğv edildiyini açıqlayıb.
Moskvanın belə bir qərar verməsinə səbəb Ukrayna müharibəsinə görə Rusiyaya sanksiya tətbiq edən ölkələr sırasında Yaponiyanın da olmasıdır.
Yaponiya rəsmiləri Moskvanın qərarını etirazla qarşılayıblar.