Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli Bakıda Ukraynaya dəstək mitinqi keçirilməsinə razılıq verilməməsini şərh edib.
Martın 28-də Bakı Şəhər İcra Hakimiyyətinə üz tutan Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-si paytaxtda Ukraynaya dəstək mitinqi keçirmək istədiyini bildirib və üç məkan təklif edib: metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadion; metronun “Nəriman Nərimanov” stansiyasının yanındakı park; Ukrayna dairəsi.
Martın 30-da Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə razılıq vermədiyi açıqlanıb. İmtina qərarı koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan məhdudiyyətlə (ictimai yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinə yasaqla) əsaslandırılıb.
Novator.az-ın məlumatına görə, Əli Kərimli şərh yayaraq mitinqə razılıq verilməməsini siyasi məsələlərlə bağlayıb: “Təəccüblü olmadı. İlham Əliyev Bakıda Ukraynaya dəstək mitinqi keçirilməsinə razılıq vermədi. Öz aləmində Putinlə müttəfiqliyinə sədaqət göstərir. Ancaq həm də sırasını bəlli edir.
Ukraynaya dəstək mitinqinə hökumətin imkan vermədiyi digər dövlət tanıyırsınızmı? Əlbəttə, Ukraynaya dəstək mitinqlərinin keçirilmədiyi ölkələr var. Ya elə ölkələrdir coğrafi və digər faktorlara görə Ukraynada yaşanan faciəni dərindən hiss etmirlər, ya da elə ölkələrdir orada rejimlər xalqlarını tam olaraq ram ediblər, Ukraynaya dəstək verəcək qüvvə qalmayıb.
Azərbaycanda isə vəziyyət tam fərqlidir. Ukraynaya dəstək verməyə hazır olan müxalifət və cəmiyyət var. Ancaq Azərbaycan hakimiyyəti əksər ölkələrin qınadığı Rusiya rəhbərliyinə yaxınlığı seçib.
Növbəti dəfə sübut olundu ki, Azərbaycan hakimiyyəti və xalqın əksəriyyəti arasında ciddi bir uçurum var. Xalqın istədiyini hökumət, hökumətin istədiyini xalq istəmir”.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyat aparır.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir.