Aprelin 6-sı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü gözlənir. Məlumatı martın 30-u axşam Avropa İttifaqının rəsmi saytı yayıb, qeyd olunub ki, görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də qatılacaq.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı atəşkəs bəyanatı bölgədəki nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasını nəzərdə tutub.
2021-ci il yanvarın 11-də Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Moskvada imzaladığı birgə bəyanatla regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
2021-ci il noyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Soçidə imzaladığı birgə bəyanatla Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə ikitərəfli komissiya yaradılması şərti kəsilib.
2021-ci il dekabrın 14-də Azərbaycan prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri Brüsseldə bir araya gəliblər. İki ölkə dövlət sərhədinin delimitasiyası ilə bağlı müvəqqəti işçi qrupun yaradılması razılığına gəlib.
2022-ci il martın 14-də Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planını açıqlayıb. Planda iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.