Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Ermənistanla sülh danışıqlarını intensivləşdirməyə çağırır. Novator.az-ın məlumatına görə, o yazır ki, Ermənistan rəsmiləri tez-tez sülh istədiklərini, Azərbaycanla bu yöndə müqavilə imzalamağa hazır olduqlarını bəyan edirlər: “Azərbaycanın Xarici İşlər Nazirliyi martın 29-da açıqlama yayaraq ölkənin hələ bir il öncə Ermənistanla sülh sazişi təklifi irəli sürdüyünü, bu yaxınlarda isə sazişin əsaslanmalı olduğu konkret prinsipləri səsləndirdiyini xatırladıb: “Ermənistan sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçmək zamanıdır. Azərbaycan buna hazırdır”.
Açıqlama yaxşıdır, amma yetərli deyil. Ermənistan dünyaya səs salır ki, biz sülh istəyirik, buna hazırıq, amma Azərbaycan razı deyil. Topu bizə atıb beynəlxalq ictimai rəy yaratmaqla məşğuldur. Bunun qarşısını kəsə biləcək addımlara ehtiyac var. Azərbaycan rəsmi şəkildə elan etməlidir ki, məsələn, Tiflisdə ikitərəfli sülh danışıqları masası qurulsun, son mətn hazır olana qədər yüksək səviyyəli nümayəndələr daimi qaydada, gündəlik iş rejimində çalışsınlar. Ermənistanın əlindən saxta sülh təşəbbüsü alınmalı, əslində bu müqavilədə Azərbaycanın daha maraqlı tərəf olduğu hər addımda vurğulanmalıdır”.
Bu il martın 14-də Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planını açıqlayıb. Planda iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Açıqlamada qeyd olunub ki, iki dövlət bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlmiş danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb, 1991-ci ildə ərazini “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğal zonasında qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür.