AXCP üzvü Şahin Hacıyevin mühakiməsi yekunlaşmaq üzrədir.
2021-ci il noyabrın 26-sı Gəncədə tutulan Şahin Hacıyevə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı irəli sürülüb.
“Turan”ın məlumatına görə, martın 29-u Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə dövlət ittihamçısı Şahin Hacıyevə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsməyi təklif edib. Növbəti məhkəmə iclası martın 31-nə təyin olunub.
1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.
Novator.az bildirir ki, hazırda qurumun daha 6 üzvü həbsdədir. Onların 4-ü azadlıqdan məhrumetmə cəzası çəkir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.
2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də, Pünhan Kərimov 2022-ci il yanvarın 25-də həbs edilib. Onlara satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.