Azərbaycanın “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Nadir Rüstəmlinin ifa edəcəyi mahnı müəyyənləşib.
1999-cu il təvəllüdlü Nadir Rüstəmli Azərbaycan Turizm və Menecment Universitetinin məzunudur. Yerli və beynəlxalq müsabiqələrdə uğurları ilə tanınır.
İtaliyanın Turin şəhərində 40 ölkənin iştirakı ilə keçiriləcək “Avroviziya 2022”də ilk yarımfinal mayın 10-na, Nadir Rüstəmlinin yer aldığı ikinci yarımfinal mayın 12-nə, final mayın 14-nə təyin olunub.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, 30-cu yerdə qərarlaşıb.