Martın 18-dək 21 siyasi partiya Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib. Novator.az bildirir ki, Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Qorqud Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyasının hesabatlarında hər hansı gəlir və xərclərinin olmadığı göstərilir.
Ədalət Partiyasının hesabatında 1463,9 manat ianə əldə edildiyi, həmin vəsaitin sərf olunduğu bildirilir.
Azərbaycan Xalq Partiyasının hesabatında qeyd olunur ki, qurum 660 manat ianə əldə edib, həmin vəsait xərclənib.
Vətəndaş və İnkişaf Partiyasının hesabatında 200 manat ianə əldə olunduğu, həmin vəsaitin sərf edildiyi bildirilir.
Müstəqil Xalq Partiyasının hesabatına əsasən, hər hansı gəlir olmayıb, 590 manat xərclənib.
Müsavat Partiyasının hesabatına görə, üzvlük haqqı üzrə 4300 manat əldə edilib, quruma 800 manat ianə gəlib, 5085 manat xərc çəkilib.
Ümid Partiyası heç bir gəliri olmadığını, 206,2 manat xərclədiyini bəyan edib.
Milli Məclisdə 3 deputatı olan Vətəndaş Həmrəyliyi Partiyasının hesabatına görə, qurum dövlət büdcəsindən 256 min 14,7 manat əldə edib. Partiyanın xərcləri 276 min 561,8 manat göstərilir.
1 deputatı olan Demokratik İslahatlar Partiyasının hesabatında dövlət büdcəsindən 206 min 283,6 manat vəsait alındığı qeyd edilir. Sənədə görə, partiyanın 209 min 587,9 manat xərci çıxıb.
1 deputatı olan Demokratik Maarifçilik Partiyasının hesabatında dövlət büdcəsindən quruma 206 min 283,6 manat ayrıldığı qeyd edilir, xərclər 202 min 745,3 manat göstərilir.
1 deputatı olan Böyük Quruluş Partiyasının hesabatına görə, dövlət büdcəsindən 206 min 283,6 manat alınıb, üzvlük haqqı üzrə 115 manat gəlir olub, 195 min 809,9 manat xərclənib.
1 deputatı olan Ana Vətən Partiyası dövlət büdcəsindən 206 min 283,9 manat aldığını, 203 min 960,1 manat xərc çəkdiyini bəyan edib.
1 deputatı olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatına görə, dövlət büdcəsindən quruma 206 min 283,6 manat köçürülüb, 206 min 291 manat xərc çıxıb.
Siyasi partiyalar hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı verməlidir.
Ədliyyə Nazirliyində 58 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onların 11-i parlamentdə təmsil olunur və dövlət büdcəsindən vəsait almaq hüquqları var.