Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı üçün daha bir cəhd göstərir. Qurumun sədri Qubad İbadoğlu yenilənmiş sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunduğunu bəyan edib: “Nazirliyin partiyaya göndərdiyi cavab məktubunda yer alan qeydlərə baxılıb, notarial qaydada təsdiqlənmiş yeni ərizədə bütün sənədlərlə yanaşı 1500 nəfərdən çox üzvün imza vərəqələri də Ədliyyə Nazirliyinə təqdim olunub”.
Novator.az bildirir ki, ADR Partiyası 2021-ci il oktyabrın 17-də internet vasitəsilə keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Nazirlik sənədləri geri qaytarıb. 8 fevral 2022-ci ildə göndərilən rəsmi cavaba görə, partiyanın təsis edilməsi, nizamnaməsinin təsdiqlənməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarları bütün təsisçilər və ya onların səlahiyyətli nümayəndələri imzalamayıb, nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmayıb.
ADR Ali Məclisinin 13 mart sessiyasında qurumun nizamnaməsinə rəhbər orqanların səlahiyyətləri üzrə dəyişikliklər edilib, dövlət qeydiyyatı üçün yenidən Ədliyyə Nazirliyinə müraciət qərarı çıxarılıb.
Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.
Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
Partiyanın öncül şəxsləri sırasında Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqaları var.