Martın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı jurnalist Qənimət Zahidin şikayəti üzrə qərar açıqlayacaq. Aihmaz.org-un məlumatına görə, jurnalist şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, effektiv müdafiə vasitələrinə malik olmaq, ayrı-seçkiliyin yolverilməzliyi və mülkiyyət hüquqlarının pozulduğunu bəyan edib.
1963-cü il təvəllüdlü Qənimət Zahid Bakı Dövlət Universitetinin məzunudur. 1991-1994-cü illərdə “Azadlıq” qəzetinin redaktoru olub, 2003-cü ildən baş redaktordur.
2007-2010-cu illərdə həbsdə yatmış jurnalist Avropa Məhkəməsinə şikayətində bildirib ki, cəzaçəkmə müəssisində yazdığı kitabın əlyazması müsadirə olunaraq məhv edilib, Azərbaycan məhkəmələrinə bu barədə şikayətləri nəticəsiz qalıb.
Qənimət Zahid 2011-ci ildən Fransada yaşayır. Xaricdən yayılan “Turan TV”nin rəhbəri, “Azərbaycan saatı” televiziya proqramının müəllifi və aparıcısıdır.
1989-cu ildə yaradılan “Azadlıq” qəzeti 2016-cı il sentyabrın 5-dən çapını dayandırıb.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.