ABŞ-ın dövlət katibi Entoni Blinken CNN kanalına 16 mart müsahibəsində Rusiyanın Ukraynada apardığı savaşın nüvə müharibəsinə çevrilməsi riskinin nə dərəcədə real olduğu barədə sualı cavablandırıb. Novator.az-ın məlumatına görə, Blinken deyib ki, Rusiyanın nüvə təhdidi, daha dəqiqi, bu ölkənin nüvə arsenalı haqda xatırlatmaları, müntəzəm dedi-qodu böyük məsuliyyətsizlik əlamətidir: “Ancaq biz Rusiyanın kütləvi qırğına gətirə biləcək digər vasitəyə – kimyəvi silaha əl atmasına mümkün, real təhlükə kimi baxırıq. Diqqətimizi də məhz bu məsələ üzərində cəmləmişik.
Təəssüf ki, biz Suriyada kimyəvi silahın necə tətbiq edildiyini, Suriyanın rəqiblərinə qarşı belə bir silah işlətməsinə necə səssizcə razılıq verildiyini görmüşük. Biz Kremlin Böyük Britaniyaya sığınmış rəqiblərinə qarşı kimyəvi silahdan istifadə etdiyinə də şahid olmuşuq. Ona görə bu məsələyə çox ciddi köklənmişik”.
Blinken kimyəvi silahdan, yaxud nüvə silahından istifadə edəcəyi təqdirdə Rusiyaya nə cavab veriləcəyini, Moskvanın hansı aqibətlə üzləşəcəyini açıqlamayıb, yalnız onu bildirib ki, ABŞ və Vaşinqtonun NATO-dakı müttəfiqləri belə bir addıma çox ağır cavab veriləcəyini Rusiya rəsmilərinə açıq şəkildə çatdırıb.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb.
Rusiya prezidenti Vladimir Putin bu əməliyyatlara birbaşa müdaxilə edə biləcək istənilən ölkəni dəhşətli dağıntıların gözlədiyini deyib və nüvə silahına işarə vurub, eyni zamanda nüvə qüvvələrinin döyüş növbəsinə keçirilməsi əmri verib. ABŞ bunu vəziyyətin ifrat gərginləşdirilməsi kimi qiymətləndirib.
Ukrayna prezidenti Vladimir Zelenski isə Putinin nüvə təhdidi ilə sadəcə xox gəlməyə çalışdığını söyləyib.
Ancaq qanunvericilər qarşısında çıxış edən ABŞ rəsmiləri deyiblər ki, məsələyə ciddi yanaşmaq və Putinin mümkün addımları barədə kəşfiyyat məlumatlarını ictimailəşdirmək qərarına gəliblər. ABŞ rəsmilərinin fikrincə, belə qabaqlayıcı tədbirlər Rusiyanı niyyətindən çəkindirə bilər.
Mənbə: Thehill.com