ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putini hərbi cani adlandırıb.
Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla xəbər verir ki, martın 16-sı Ağ evdə çıxış edən Bayden nitqini başa çatdırandan sonra jurnalistlər ondan Putini hərbi cani sayıb-saymadıqlarını soruşublar. Bayden deyib: “Mən hesab edirəm ki, o, hərbi canidir”.
Bayden ilk dəfədir Putin haqda belə fikir söyləyir.
“Putin hərbi canidirmi” sualına son günlər Ağ ev administrasiyasının heç bir nümayəndəsi təsdiqləyici cavab verməmişdi.
Cozef Baydenin açıqlamasından bir gün qabaq – martın 15-i ABŞ Konqresinin yuxarı palatası (Senat) Vladimir Putini hərbi cani sayan qətnamə qəbul edib. Yekdilliklə qəbul olunan qətnamədə Rusiya hərbçilərinin Vladimir Putinin rəhbərliyi ilə Ukraynada zorakılıq, hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər törətdiyi vurğulanıb. Qanun sayılmayan sənəddə Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayətlər Məhkəməsinə və ölkələrə Rusiya rejiminin Ukraynaya hərbi müdaxilə zamanı yol verdiyi hərbi cinayətləri araşdırmaq çağırışı yer alıb.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.
1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib. 2008-ci ildən Rusiyanın baş naziri olan Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb.
2020-ci ildə yenilənən konstitusiya Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir.
Mənbə: CNN.com