İqtisadçı Rövşən Ağayev sanksiyaların Rusiya iqtisadiyyatına təsirindən yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, tətbiqi gözlənən sanksiyalardan biri də Dünya Ticarət Təşkilatına (DTT) üzvlük sayəsində Rusiyanın əldə etdiyi “ən əlverişli ölkə” statusunun ləğvidir: “Bu status DTT-nin təməl mexanizmlərindən sayılır. Məqsədi üzv ölkələri qarşılıqlı ticarətdə bir-birinə qarşı diskriminasiyadan çəkindirmək, üzv ölkənin ixtiyari ölkəyə təqdim etdiyi əlverişli ticarət rejimini bütün üzvlərə tanımaqdır. Məsələn, üzvlərdən biri hansısa məhsul və məhsul qrupu üzrə “ən əlverişli ölkə” statusu ilə bir ölkəyə aşağı idxal tarifi (yaxud 0 dərəcə ilə idxal) tətbiq edirsə, avtomatik olaraq üzv ölkələrin hamısı həmin əlverişli ticarət rejimindən yararlanır. Rusiyanın bu statusu itirməsi o demək olacaq ki, ölkə DTT üzvləri ilə ticarətdə diskriminasiyadan qorunmayacaq, əlverişli ticarət rejimləri ona şamil edilməyəcək”.
İqtisadçı həmçinin yazır ki, Rusiya hökuməti sərt iqtisadi sanksiyaların təsirini azaltmaq üçün uzun illərdən bəri tətbiq elədiyi büdcə qaydasını dəyişməyi nəzərdən keçirir: “Qaydaya görə, “Urals” markalı neftin bazar qiyməti hökumətin müəyyən etdiyi həddi ötdükdə yüksək qiymətdən əldə olunan gəlirlər Rifah Fonduna yığılır. Uzunmüddətli dövrdə vətəndaşların pensiya təminatı üçün nəzərdə tutulan həmin fondun vəsaitindən cari məqsədlər üçün istifadəyə yalnız bir halda imkan verilir: fondda toplanan ehtiyatların həcmi ölkənin ümumi daxili məhsulunun 7 faizini ötmüş olsun. Yalnız 7 faizdən artıq məbləğ infrastruktur layihələrinə sərf edilə bilər.
2022-ci ildə “Urals” markalı neftin barreli üçün hədd 44,2 dollar müəyyən edilib. Hazırkı durumla üzləşməsəydi, Rusiya hökuməti neftin 44,2 dollara qədər qiyməti çərçivəsində əldə etdiyi gəlirləri büdcəyə cəlb edəcək, ondan yüksək qiymət səviyyəsində əldə olunan bütün gəlirlər Rifah Fonduna yönəldiləcəkdi. Bu qaydadan imtina o deməkdir ki, bütün neft-qaz gəlirləri büdcəyə köçürülərək xərclənəcək.
Ölkədə iqtisadi fəallığın kəskin aşağı düşməsi, geniş dövriyyəyə və vergi öhdəliyinə malik 300-ə yaxın xarici şirkətin ölkəni tərk etməsi, 10 minlərlə iş yerinin bağlanması, yerli şirkətlərin xarici iqtisadi əlaqələrinin pozulması qeyri-neft gəlirlərinin kəskin şəkildə itirilməsini qaçılmaz edir. Qərbin Rusiyadan neft-qaz alışına sərt qadağa qoymaması fürsətdir və hökumət bu itkilərin yerini izafi neft gəlirləri ilə doldurmağa imkan kimi baxır.
Ukrayna ilə müharibə hər gün büdcə üçün milyardlarla dollar əlavə xərcdir. Ölkədə işsizliyin artması, sosial vəziyyətin pisləşməsi sosial müdafiə xərclərinin də artımını qaçılmaz edəcək. Maliyyə institutları qarşısında öhdəliklərini yerinə yetirə və kənardan borc cəlb edə, işçilərinə maaş ödəyə bilməyən, müflisləşmə riski ilə üzləşən yerli müəssisələr üçün dəstək paketi də büdcə üçün böyük yükə çevrilir. Bu xərcləri nəzərə alanda hökumətin yaxın zamanlarda 2022-ci ilin büdcəsinin xərclərinə yenidən baxması mümkün görünür. Artan xərcləri və itirilən qeyri-resurs gəlirlərini də məhz əvvəllər Rifah Fonduna yönəldilən izafi neft-qaz gəlirləri hesabına kompensasiya etməyə çalışırlar.
Rusiyanın 2022-ci il büdcəsinin gəlirləri 25 trilyon rubl həcmində təsdiqlənib. Gəlirlərin 9,5 trilyon rublu neft-qaz gəlirləri hesabına təmin edilməli idi. Bu məbləğ 1 dollar/70 rubl məzənnəsi və “Urals” nefti üçün 44,2 dollar qiymət səviyyəsi əsasında proqnozlaşdırılmışdı. Rusiyanın enerji daşıyıcılarına sanksiya olmayacağı halda neftin orta illik qiymətinin 100 dollar, rublun məzənnəsinin 1 dollar/110-120 rubl dəhlizində hərəkət etməsi rubl ifadəsində büdcənin neft gəlirlərinin proqnozdan təxminən 2,5 dəfə artıq olmasını təmin edə bilər.
Şübhəsiz ki, mümkün ssenarilər neftin qiymətindən və sanksiyaların neft-qaz idxalına tətbiq edilib-edilməməsindən asılı olacaq. Amma göründüyü kimi, sanksiyasızlıq və yüksək qiymətlər bir müddət Rusiyaya büdcə böhranından qaçmağa imkan verəcək. Bu bir daha onu göstərir ki, Rusiya iqtisadiyyatı öldürücü zərbəni yalnız neft-qaz satışına qadağalardan ala bilər”.