Ukraynalıların ciddi müqaviməti ilə üzləşmiş Rusiya ordusu məruz qaldığı itkilərin yerini doldurmaq, Ukraynada işğal etdiyi əraziləri əlində saxlamaq və çox güman, yeni hücum əməliyyatları keçirə bilmək üçün əlavə qüvvələr cəlb edir. Novator.az-ın məlumatına görə, Böyük Britaniya kəşfiyyatının yeni hesabatında belə deyilir.
Hesabatı ictimaiyyətə Böyük Britaniyanın Müdafiə Nazirliyi açıqlayıb.
Hesabatda bildirilir ki, Rusiya hətta Ukrayna sərhədindən çox uzaqda yerləşən hərbi kontingentində – Şərq Hərbi Dairəsində, Sakit Okean Donanmasında və Ermənistandakı hərbi bazasında da dislokasiyanı sürətlə dəyişir.
Hesabatda Rusiyanın indi özəl hərbi şirkətlərin dəstəyindən daha tez-tez yararlandığı, Suriyadan və digər yerlərdən daha çox muzdlu döyüşçü cəlb etməkdə olduğu da qeyd edilir.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.
Mənbə: CNN.com