Ukraynada qanlı müharibə aparan Rusiya ordusu çoxlu problemlə qarşılaşıb. Novator.az-ın məlumatına görə, ABŞ-ın CNN kanalı bildirir ki, Rusiya bu problemlərin həlli üçün Çinə üz tutub.
Kanalın özəl mənbələrdən əldə etdiyi bilgiyə görə, Rusiya Çindən maliyyə dəstəyi və texniki dəstək istəyib. Moskvanın xahişinə ərzaq yardımının göndərilməsi də daxildir.
CNN xəbər verir ki, Rusiya ordusu Ukraynada ərzaq qıtlığından əziyyət çəkir, ona görə də hərbçilər işğal bölgəsində oğurluğa, quldurluğa əl atır və Moskva öz döyüşçülərini qidalandıra bilmək məqsədilə Pekindən məxsusi olaraq hərbçilər üçün nəzərdə tutulan hazır ərzaq paketləri göndərilməsini xahiş edib.
CNN ərzaq qıtlığının və texniki problemlərin Rusiya ordusunun Ukrayna ərazisində irəliləməsini çətinləşdirən amillərdən olduğunu qeyd edir.
“Nyu-York Tayms” qəzeti isə Vaşinqtonun Çini Rusiyaya yardım göstərməkdən çəkindirmək məqsədilə Pekinə xəbərdarlıq etdiyini yazır.
Qəzetin bildirdiyinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Romada Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü Yan Szeçi ilə görüşüb və onu Rusiyaya istər hərbi, istərsə də iqtisadi yardım göstərilməsinin yolverilməzliyi barədə xəbərdar edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda keçirdiyi brifinqdə Roma görüşü haqda belə deyib: “Biz Pekinin nəzərinə çatdırmışıq ki, Rusiyanın təcavüzünə istənilən dəstəyin cavabı olacaq”.
“Təcavüzə qahmar çıxan heç bir ölkənin cəzasız qalmayacağına əmin ola bilərsiniz” deyən Ned Prays əlavə edib ki, Roma görüşündə əsas niyyət təhlükəsizlik məsələlərinə aydınlıq gətirmək olub.
Mediada işıq üzü görən qeyri-rəsmi məlumatlarda Rusiyanın Çindən hərbi texnika, o cümlədən zenit raketləri, pilotsuz uçuş aparatları, zirehli maşınlar və kəşfiyyat avadanlıqları istədiyi də bildirilir.
Çin ABŞ mediasının yaydığı bu xəbərləri təkzib edir. Pekin müharibənin tezliklə dayandırılmasına tərəfdar olduğunu vurğulayır.
Mənbələr: CNN.com, Nytimes.com