Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məclisinin 13 mart sessiyasında qurumun nizamnaməsinə rəhbər orqanların səlahiyyətləri üzrə dəyişikliklər edilib, dövlət qeydiyyatı üçün yenidən Ədliyyə Nazirliyinə müraciət qərarı çıxarılıb.
Novator.az bildirir ki, ADR Partiyası 2021-ci il oktyabrın 17-də internet vasitəsilə keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib.
2022-ci il martın 1-də Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədləri geri qaytardığı açıqlanıb. Rəsmi cavaba görə, partiyanın təsis edilməsi, nizamnaməsinin təsdiqlənməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarları bütün təsisçilər və ya onların səlahiyyətli nümayəndələri imzalamayıb, nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmayıb.
ADR-in sədri Qubad İbadoğlu bununla bağlı açıqlamada qeyd edib ki, bütün sənədləri təsisçilərin səlahiyyətli nümayəndələri imzalayıb, onların hər birinin imzası notarial qaydada təsdiqlənib, nizamnamədə rəhbər orqanların səlahiyyətlərinin konkret müddətləri müəyyənləşdirilib: “Ədliyyə Nazirliyinin “texniki iradları” sadəcə siyasi qərarı əsaslandırmaq üçündür. ADR Partiyasının müstəqil fəaliyyəti, bəyanatlarını, mövqe sənədlərini təşkilat üzvlərinin iradəsi əsasında müəyyənləşdirməsi, cəmiyyətdə artan nüfuzu, apardığı ardıcıl siyasi mübarizəsi hakimiyyəti qane etmir”.
Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.
Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
ADR Partiyasının İdarə Heyətində bu şəxslər yer alır: Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı.
Adil Qeybulla, Ədalət Yusub, Əlövsət Talışxanlı, Rüfət Muradlı, Samir Abbaslı partiya sədrinin müavinləri, Ellada Məmmədli İcra Aparatının rəhbəridir.