Novator.az saytı Rusiya prezidentinin vəzifədən çıxarılması mexanizminə nəzər salıb.
Dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı statusu daşıyan Rusiya prezidenti ümumxalq səsverməsində 6 il müddətinə seçilir.
Hazırda prezident kürsüsündə 1952-ci il təvəllüdlü Vladimir Putin oturur. O, 1999-cu il avqustun 16-da baş nazir təyin edilib, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib.
2008-ci ildən Rusiyanın baş naziri olan Vladimir Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb.
2020-ci ildə yenilənən konstitusiya Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir.
Rusiya Konstitusiyasına görə, parlamentin yuxarı palatası olan Federasiya Şurasının prezidenti vəzifədən uzaqlaşdırmaq səlahiyyəti var. Bu, parlamentin aşağı palatası olan Dövlət Dumasının prezidentə dövlətə xəyanət və başqa ağır cinayət ittihamı irəli sürməsi halında mümkündür. Həmin ittiham Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin rəyləri ilə təsdiqlənmiş olmalıdır.
Dövlət Dumasının prezidentə ittiham irəli sürməsi və Federasiya Şurasının prezidenti vəzifədən kənarlaşdırması həmin qurumlarda üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir.
200 nəfərlik Federasiya Şurası 85 federasiya subyektinin (işğal olunmuş Ukrayna torpağını əhatə edən “Krım Respublikası” və Sevastopol şəhəri daxil) hər birindən 2 nəfəri və prezidentin təyin etdiyi 30 nəfəri birləşdirir.
450 nəfərlik Dövlət Duması ümumxalq səsverməsində seçilir (225 nəfər partiya siyahıları üzrə, 225 nəfər dairələrdən).
Prezident istefaya göndərilərsə, səlahiyyətləri müvəqqəti olaraq baş nazir icra edir, üç aydan gec olmayaraq prezident seçkisi keçirilir.
Baş naziri prezident Dövlət Dumasının razılığı ilə təyin edir. 2020-ci ildən baş nazir postunu 1966-cı il təvəllüdlü Mixail Mişustin tutur.
Konstitusiya Məhkəməsi hakimlərini (həmçinin sədri və onun müavinini), Ali Məhkəmə hakimlərini (həmçinin sədri və onun müavinlərini) prezident Federasiya Şurası ilə məsləhətləşib təyin edir.