ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putini dünyadan təcrid olunmuş elan edir və yeni sanksiyalara işarə vurur. “Financial Times” qəzetində dərc olunmuş yazıda belə deyilir.
Novator.az saytının məlumatına görə, Cozef Baydenin martın 1-i Konqresin aşağı və yuxarı palatalarına illik müraciətinə əsaslanan qəzet yazır: “ABŞ prezidenti müraciətində vurğuladı ki, Vladimir Putin indi heç vaxt olmadığı qədər dünyadan təcrid edilib.
Bayden Rusiyanın Ukraynaya hücumu qarşısında Qərbin vahid mövqedən çıxış etməsini alqışladı və yeni sanksiyaların tətbiq olunacağına da işarə vurdu.
O bildirdi ki, demokratik ölkələr Putinin başlatdığı müharibəyə layiqli cavab verir, Rusiya iqtisadiyyatını zəiflədəcək irimiqyaslı sanksiyalar tətbiq olunur, Rusiyanın bir sıra oliqarxlarının Qərbdəki aktivləri dondurulur.
Bayden hava məkanının Rusiyanın üzünə bağlanması istiqamətində Avropa İttifaqı və Kanadanın start verdiyi prosesə ABŞ-ın da qoşulduğunu diqqətə çatdırdı: “Rusiyanın heç bir təyyarəsi Amerikanın hava məkanına daxil ola bilməyəcək”. Prezidentin fikrincə, bu, Rusiyanın daha da təcrid olunmasına, iqtisadi təzyiqləri daha güclü hiss etməsinə şərait yaradacaq.
“Putin heç ağlına da gətirmir ki, onu nələr gözləyir” deməklə Bayden Rusiyanın hücumu davam etdirdikcə ABŞ-ın yeni-yeni sanksiyalar tətbiq edilməsini də dayandırmayacağını nəzərə çatdırdı.
Cozef Baydenin sözlərinə görə, Ukrayna müharibəsi Rusiyanın geriləməsi, dünyanın qalan hissəsinin isə irəliləməsi ilə nəticələnəcək.
Bayden bildirdi ki, Putin Ukraynada müharibəni heç bir əsas olmadan, diplomatik cəhdləri rədd edərək, bilə-bilə başlayıb: “O elə bilirdi Qərb, NATO bu hücuma cavab verməyəcək. Həm də düşünürdü ki, bizim aramızda təfriqə sala, bizi parçalaya biləcək. Putin yanıldı. Biz bunların hamısına hazır idik”.
Bayden qeyd etdi ki, Amerika tarixdən – diktatorların dünyaya təhlükə törədə-törədə cəzasız qalmasından dərs götürüb.
ABŞ prezidenti Rusiyanın texnologiyalara çıxışının əngəllənməsi üçün tədbirlər görüldüyünü, bununla iqtisadiyyatının heydən salınacağını, ordusunun zəiflədiləcəyini vurğuladı.
Cozef Bayden rusiyalı oliqarxlara da xəbərdarlıq etdi: “Bəsdir! ABŞ-ın Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətlərini araşdırmaq üçün xüsusi işçi qrup yaradır. Biz avropalı müttəfiqlərimizlə birgə sizin yaxtalarınızı, bahalı mənzillərinizi, şəxsi təyyarələrinizi əilinizdən almağa çalışacağıq. Biz sizin qanunsuz yollarla əldə etdiyiniz sərvətin dalınca gəlirik”.
Amerikalıların Ukraynadakı münaqişədə iştirak etməyəcəyini desə də, Bayden Rusiya prezidentinin Qərbə doğru mümkün irəliləyişini önləmək üçün Avropaya hərbi qüvvə göndəriləcəyini, NATO məkanının hər qarışının qorunacağını bildirdi”.
“Financial Times” yazır ki, Cozef Bayden Ukrayna müharibəsi fonunda neftin qiymətinin kəskin artımına da diqqət çəkib: “Prezident qeyd etdi ki, enerjidaşıyıcılarının bahalaşmasının amerikalılara, biznesə və istehlakçılara mənfi təsirini aradan qaldırmaq üçün tədbirlər görüləcək. Bayden dünya üzrə neft hasilatının artımına nail olmaq istiqamətində səylər göstərildiyini vurğuladı”.
“Financial Times”ın məlumatına görə, ABŞ prezidentinin Konqresin aşağı və yuxarı palatalarına illik müraciətinin birinci hissəsi bütövlükdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə həsr olunub. Çıxışında Bayden Ukraynanın Rusiyaya müqavimətini təqdir edib: “Prezidentin müraciətini Konqres zalında dinləyənlər arasında Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova da var idi. O, ABŞ-ın birinci xanımı Cill Baydenlə yanaşı əyləşmişdi”.
Mənbə: Ft.com