Martın 1-i Qazaxıstanın paytaxtı Nur-Sultanda hakim Nur Otan Partiyasının növbədənkənar qurultayı keçirilib. Novator.az-ın məlumatına görə, qurultay partiyanın adının dəyişdirilməsinə səs verib: Amanat Partiyası.
Əsası 1999-cu il fevralın 13-də qoyulan partiyaya 2021-ci il noyabrın 21-dək ölkənin ilk prezidenti Nursultan Nazarbayev sədrlik edib. Hazırda sədr postunu prezident Qasım-Comərd Tokayev tutur.
Qasım-Comərd Tokayev 1953-cü ildə doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur.
1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ardınca ölkənin Sinqapurdakı səfirliyində çalışıb, sonra Çindəki səfirlikdə ikinci katib, birinci katib, müşavir postlarını tutub.
1992-ci ildən Qasım-Comərd Tokayev Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il yanvarın 5-də Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılıb.