İqtisadçı Rövşən Ağayev Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Avropanın enerji təchizatında köklü dəyişiklik yaradacağını düşünür. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, xam neftlə bağlı problem ciddi deyil: “Rusiyanın qlobal təchizatda cəmi 10% pay var. İranın bazara qaytarılması, başqa ölkələrin hasilatını artırmaq hesabına boşluğu aradan qaldırmaq o qədər də çətin görünmür.
Qısamüddətli dövrdə əsas problem Avropanın qaz təchizatı ilə bağlı ola bilər. Avropa bazarına Rusiya ildə orta hesabla 160-170 milyard kubmetr təbii qaz göndərir – qitənin bütün istehlakının təxminən üçdə biri qədər. Amma son illər Avropanın qaz təchizatının strukturunda dəyişiklik baş verib. 2010-2020-ci illərdə Avropanın qaz idxalında maye qazın xüsusi çəkisi 27%-dən 35%-ə yüksəlib. Həmin dövrdə ABŞ-ın Avropaya qaz ixracında ciddi irəliləyiş olub. ABŞ 10 il ərzində özünün qaz idxalını 35% azaltmaqla çox kiçik bir rəqəmə endirə bilib. Amma əvəzində qaz ixracını 4,5 dəfə böyüdüb. Maye qaz ixracı 50 dəfədən çox artaraq 65 milyard kubmetrə qədər yüksəlib. Hazırda Avropanın maye qaz idxalında 40% payla ABŞ liderdir.
2010-2020-ci illərdə Rusiyanın qlobal qaz təchizatının həcmi isə demək olar ki, dəyişməyib – ildə təxminən 220 milyard kubmetr.
Avropanın Rusiyadan qaz asılılığının bitməsi üçün ildə təxminən 120 milyon ton maye qaz tələb olunur. Hazırda 5 aparıcı maye qaz ixracatçısının (Avstraliya, Qətər, Əlcəzair, ABŞ və Malayziya) ümumi ixracı 300 milyon tondur. Orta dövrdə bu ölkələrin əsas ixrac bazarına çevrilməklə Rusiyanın enerji hökmranlığına son verməsi real görünür. Rusiyanın aqressivliyini yalnız bu durdura bilər. Müasir elmi-texnoloji transformasiyada heç bir rolu olmayan bu qoca imperiya hamını neft-qazla şantaj edir”.