“Avropanın tarixində belə hadisə çox olub. Təcavüzkarın mərmilərinin partlayış sədaları, tanklarının gurultusu özündən zəif qonşuda dəhşət və xaos yaradıb. Bu dəfə edam kötüyünə uzadılan qurban 44 milyonluq əhalisi ilə Ukrayna, cəllad isə Rusiyadır. Həmin irticaçı-təcavüzkar Rusiyanın hökmdarı Vladimir Putin beynəlxalq hüququ, yazılmış və yazılmamış bütün sivil qaydaları vecinə almamaqda israrlıdır”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzetinin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı dərc etdiyi redaksiya məqaləsində belə deyilir.
Bildirilir ki, Putinin nəzərində Ukraynanın suveren hüquqları yox dərəcəsindədir: “Strateji cəhətdən olduqca vacib qitədə dinc həyat növbəti dəfə od-alov içindədir, qan xirtdəyə qalxmaqdadır. Amma hələ gec deyil. Ən müxtəlif bəhanələrlə körükləndirilən bu münaqişəni Avropanın şərq hüdudlarında lokallaşdırmaq mümkündür. Fəqət alov dillərinin daha geniş coğrafiyaya yayılma təhlükəsi hər gün artır. Yenə də Birləşmiş Ştatlar hər şeyə görə ittiham obyektidir”.
Məqalədə vurğulanır ki, amerikalıların çoxu Avropada müharibəyə qarışmağın əleyhinədir, çünki bu, istər-istəməz Amerikaya, onun iqtisadiyyatına, bazarlarına da mənfi təsir edəcək. Ancaq “Vaşinqton Post”un redaksiyası hesab edir ki, ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin təcavüzkar aktlarına sərt reaksiya verməkdə haqlıdır, çünki 740 milyon insanın yaşadığı Avropada sülh və əmin-amanlıq Amerikadan ötrü də həyati əhəmiyyət daşıyır və Kreml cilovlanmasa, əvvəl-axır bundan amerikalılar ziyan çəkəcək, ABŞ-ın Avropadakı maraqlarına böyük zərbə dəyəcək.
Məqalədə bildirilir ki, bir yandan baxanda “təhlükəsizlik”, “ərazi bütövlüyü”, “beynəlxalq hüquq” gəlişigözəl, dəbə minmiş şablon, mücərrəd ifadələr kimi səslənir: “Amma o biri yandan praktik planda bu ifadələrin real dəyəri, qiyməti var, çünki bunlar fərdlərin və millətlərin azad inkişafını nəzərdə tutur. Sovet İttifaqının dağılmasından sonrakı üç onillik ərzində transatlantik birlik, ola bilsin, sülh və azadlığı öz-özünə bərqərar olan dəyərlər sayırdı. Bəlkə əsas yanlışlıq elə bunda imiş. İndi Putin meydana atılıb və həmin arxayınlığı özünə xas formada dağıtmağa girişib. Üstəlik, kinayəli şəkildə bəyan edir ki, Rusiya Ukrayna ilə müharibəyə başlamalıdır, çünki Kiyev Moskva üçün təhlükə mənbəyidir. Əslində onun həqiqi qorxusu NATO deyil. Putin mədəni cəhətdən ona yaxın olan qonşunun nümunəvi, demokratik ölkəyə çevrilməsini öz kleptokratik üsul-idarəsinə təhlükə sayır. İndi onun məqsədi qurbanını udub onunla vahid orqanizmə çevrilməkdir. Əgər Birləşmiş Ştatlar vəziyyəti tarixin ümidinə buraxmayıb, təmkinini itirmədən, qəti şəkildə, müttəfiqləri və həmfikirləri ilə bərabər Ukraynanın tərəfində dayansa, cəlladın niyyəti ürəyində qalacaq”.
Mənbə: Washingtonpost.com