İqtisadçı Rövşən Ağayev Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin iqtisadi aspektlərindən yazıb.
Bəyannaməni prezidentlər İlham Əliyev və Vladimir Putin fevralın 22-si Moskvada imzalayıb.
Novator.az-ın məlumatına görə, Rövşən Ağayev qeyd edir ki, Azərbaycanın idxalının hər 5 dollarından 1-i Rusiyadan alınan mallardır, yəni idxalın 20%-i bu ölkədən formalaşır, Rusiyanın idxalında bizim payımız isə 0,3%-dən də azdır: “Qeyri-neft kanalları ilə hər 3 dollarlıq ixrac malımızın təxminən 1 dolları Rusiyaya gedir. Rusiyanın qeyri-resurs ixracatında isə Azərbaycan bazarının payı 1% ətrafındadır.
Qarşılıqlı xarici ticarət aspektindən baxsaq, bizim Rusiyadan asılılığımız çox yüksək, Azərbaycanın Rusiyanın xarici ticarətində payı isə nəzərə alınmayacaq dərəcədə kiçik rəqəmlərlə ifadə edilir.
Bu əlaqələrin genişlənməsi perspektivi nə qədərdir?
Azərbaycanın qeyri-neft ixracı maksimum 10 məhsul seqmenti üzərində qurulub. Onların başında kənd təsərrüfatı və qida sənayesi məhsulları gəlir. 2021-ci ildə bu seqment üzrə bütün ixracatın 71%-i Rusiyaya gedib. Rusiyaya ixracatın da 65%-i bu məhsulların payına düşür.
Azərbaycanın özünün kənd təsərrüfatı və qida sənayesi məhsullarına ehtiyacı nəzərə alınsa, bu məhsullar hesabına Rusiya bazarına ixracın genişlənməsi perspektivi ən azı yaxın üç-dörd ildə real görünmür. Amma hətta bu potensial genişlənsə belə, ixracın coğrafi şaxələnməsi son dərəcə vacibdir. İstər ayrıca bir məhsul seqmentinə, istərsə də bütövlükdə ixraca münasibətdə bir bazardan bu qədər yüksək asılılıq (71%) son dərəcə risklidir. Rusiya ətrafında indiki geosiyasi gərginliyin uzunmüddətli olacağı, ölkədə iqtisadi böhranın dərinləşəcəyi halda ixrac baxımından Rusiyadan asılı ölkələr də onun neqativ təsirlərini hiss edəcəklər.
Qida və kənd təsərrüfatı məhsulları istisna olmaqla Azərbaycanın qeyri-neft ixracının 50%-ə qədərini təşkil edən metallurgiya və qeyri-üzvi kimya məhsulları üzrə isə bilavasitə Rusiya özü əsas ixracatçı ölkələr sırasındadır. Azərbaycanın qeyri-neft ixracatında 15% payı olan plastmas və kauçuk məhsullarının da 50%-i Rusiya bazarına gedir – bu məhsul seqmentində də bir bazardan asılılıq çox yüksəkdir.
Xarici sərmayələrdə Rusiyanın payının 3-4% olduğu nəzərə alındıqda neft-qaz sektorundan kənarda akkumulyasiya olunmuş Rusiya kapitalının həcminin böyük olmadığı görünür. Məsələn, bank sektorunda Rusiya mənşəli kapitalın payı 3% ətrafındadır. 22 fevral bəyannaməsində əksini tapan müddəalara uyğun olaraq bank-kredit təşkilatlarının genişlənməsi perspektivi də çox real görünmür. Son illərdə Azərbaycanın bank sektorunda Rusiya mənşəli kapital böyümə nümayiş etdirməyib.
Azərbaycanın Rusiyadan bir böyük asılılığı da var: fərdi pul köçürmələrinin ən azı 70%-i şimaldan gəlir.
Nəhayət, vacib məsələlərdən biri qarşılıqlı hesablaşmalarda milli valyutadan istifadə təşəbbüsüdür. Azərbaycanın Rusiya ilə xarici ticarətində böyük defisit var – təxminən 1 milyard dollar. Qarşılıqlı ticarət milli valyutalar üzərindən aparılarsa, Azərbaycana daha böyük həcmdə rubl kütləsi lazım olacaq, nəinki Rusiyaya Azərbaycan manatı. Dəyişkənlik riski yüksək olan rublla mübadilə aparmaq nə ixracatçılar, nə də idxalatçıların daimi tələbatını qarşılamaq üçün hesablarında müntəzəm böyük həcmdə valyuta saxlamağa məcbur qalan banklar üçün səmərəlidir.
Rusiya böyük bazardır, amma riskli bazardır. Qonşu bazarın imkanlarından maksimum bəhrələnmək lazımdır. Lakin əsas hədəf ixrac bazarlarının maksimum şaxələndirilməsi olmalıdır. Heç bir məhsul seqmentində bir bazardan asılılıq 25-30%-i ötməməlidir”.