Fevralın 23-ü Moskvada, TASS agentliyində Rusiyanın bir qrup kütləvi informasiya vasitəsinin rəhbərləri ilə görüşən prezident İlham Əliyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yaxınlaşma planlarının olub-olmadığı barədə sualı cavablandırıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur, Rusiya ilə Azərbaycanın müttəfiqlik münasibətləri barədə 22 fevral 2022-ci il bəyannaməsinin iki bəndi zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə dəlalət edir: “Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz.
Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistanla sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik”.
Avrasiya İqtisadi İttifaqı ilə Azərbaycanın əməkdaşlığı barədə müzakirələrə toxunan prezident qeyd edib ki, həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan diskussiya gedir: “Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq.
Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq – harada müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən sonra bizə sərfəli olan qərar qəbul ediləcək.
MDB üzvü olan bütün ölkələrlə, – Ermənistan istisna olmaqla, – azad ticarət haqqında, o cümlədən Rusiya ilə müqavilələr imzalanıb. İqtisadi və gömrük baryerlərinin yumşaldılması istiqamətində addım atılıb. Sonrasını isə, necə deyərlər, yaşayarıq, görərik. Heç nəyi tapmaca kimi tapmaq olmaz və biz heç vaxt qısa müddətdə əldə edilməsi mümkün olmayan hansısa hədəflər elan etməmişik. Lakin təbii ki, bu, komandamızın daxilində müzakirələr çərçivəsində gündəlikdədir”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.
Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar.
Müstəqil Dövlətlər Birliyinin (MDB) əsasını 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukrayna qoyublar.
21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, 9 dekabr 1993-cü ildə Gürcüstan da MDB-yə daxil olublar.
Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 2009-cu ildə MDB-dən ayrılıb, Ukrayna eyni səbəbdən 2014-cü ildən başlayaraq qurumda iştirakını dayandırıb.