ABŞ-ın “Nyu-York Tayms” qəzetində redaksiya heyəti adından “Həyasız hücuma bəraət yoxdur” başlıqlı məqalə dərc olunub. Məqalə Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır.
Novator.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, Rusiya prezidenti Vladimir Putin uzun bir oyuna girib: “Qərb bu oyuna hazırlıqlı olduğunu göstərməli və ABŞ prezidenti Cozef Bayden kimi Rusiya prezidentinin təcavüzünün qəbuledilməz olduğunu, Vladimir Putinin əməllərinə görə cavab verəcəyini açıq bəyan etməlidir”.
Məqalədə bildirilir ki, Putinin hücumlarının kökündə heç də birbaşa NATO-nun fəaliyyəti, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı narahatlıqları durmur: “Əsas səbəb Putinin ksenofob, imperialist baxışları, həqiqətləri təhrif edən təsəvvürləridir. Putin Ukraynanı Rusiyanın bir parçası sayır, onun müstəqilliyinə tarixi təsadüf kimi baxır”.
Məqalədə deyilir ki, Cozef Bayden hazırkı böhranda əzmlə, səbirlə, qətiyyətlə, ləyaqətlə davranır, ABŞ kəşfiyyatının Putinin planları haqda bilgilərini vaxtaşırı ictimaiyyətə açıqlayır: “Bu, sosial media dövründə böhranın idarə olunması baxımından yeni metoddur və bu metodun Avropanın aylardır müxtəlif manevrlərlə güclənməyə çalışan Rusiya qüvvələri qarşısında möhkəmlənməsinə təkan verdiyini söyləmək mümkündür. Putin öz qarşısında dünya demokratiyasının aparıcı simasını (yəni ABŞ-ı), dünyanın ən güclü dövlətinin qətiyyətli təmsilçisini (yəni Baydeni) görməlidir”.
“Nyu-York Tayms”ın redaksiyası qeyd edir ki, özündən zəif qonşunun ərazisinə həyasızcasına müdaxilənin heç bir bəraəti ola bilməz: “Qonşu xalqların ərazilərini ələ keçirmək, onların taleyini həll etmək hüququnu Putinə heç kim verməyib. Putinin təcavüzünün nəticələri Ukrayna üçün faciəli, Qərb üçün ağrılı olacaq, amma Rusiyaya da böyük itkilər hesabına başa gələcək – istər insan itkiləri, istərsə də iqtisadi itkilər baxımından. Hazırda baş verənlərə görə bütün məsuliyyət məhz Putinin üzərinə düşür”.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Səhər tezdən Donbas bölgəsində qanlı döyüşlər gedir. Ukraynanın başqa ərazilərinə də, o cümlədən paytaxt Kiyevə hərbi zərbələr endirilir. Ukraynada hərbi vəziyyət tətbiq olunub, ölkənin Rusiya ilə diplomatik münasibətləri kəsilib.
2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb.
1952-ci il təvəllüdlü Vladimir Putin təhlükəsizlik orqanları zabitidir. 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında məsul postlar tutub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.
Mənbə: Nytimes.com