1997-2001-ci illərdə ABŞ-ın dövlət katibi olmuş Madlen Olbrayt “Nyu-York Tayms” qəzetində “Putin tarixi səhvə yol verir” başlıqlı məqalə ilə çıxış edib.
Novator.az-ın məlumatına görə, məqalə Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı separatçı rejimləri müstəqil dövlətlər kimi tanıması məsələsinə həsr olunub.
Madlen Olbrayt qeyd edir ki, o, Vladimir Putinlə ilk dəfə 2000-ci ilin əvvəllərində görüşüb. Həmin vaxt Boris Yeltsin Rusiya prezidenti vəzifəsindən yenicə istefa vermişdi və baş nazir Vladimir Putin həm də prezident səlahiyyətlərini icra etməyə başlamışdı.
Olbraytın sözlərinə görə, Putin ona çox soyuq adam təsiri bağışlayıb. Eyni zamanda 2000-ci il görüşündə ABŞ-ın dövlət katibi Rusiya prezidenti səlahiyyətlərini icra edən şəxsin SSRİ-nin dağılmasından çox pəjmürdə olduğunu müşahidə edib.
“Nyu-York Tayms”da dərc olunan məqaləsində Madlen Olbrayt yazır ki, 2022-ci ilin 21 fevral günü – separatçı rejimlərin müstəqil dövlətlər kimi tanınması barədə fərmanlar imzaladığı gün televiziya ilə xalqa müraciətində Vladimir Putinin Ukraynanı Rusiyanın yaratdığı süni dövlət kimi qiymətləndirməsi onun təhrif olunmuş dünyagörüşünə tam uyğun bir qiymətləndirmədir. Putinin iddiasının cəfəng olduğunu vurğulayan Olbrayt qeyd edir: “Məni həmin çıxışda ən çox narahat edən o oldu ki, Putin irimiqyaslı işğala bəhanə axtarır. Əgər Putin belə bir işğala əl atsa, o, tarixi səhvə yol vermiş olacaq”.
Sabiq dövlət katibinin fikrincə, öz ölkəsinin şöhrətini artırmaq əvəzinə, Ukraynanı işğal etmək cəhdi Putini rüsvay edəcək, Rusiyanı isə diplomatik cəhətdən təcrid olunmuş, iqtisadi baxımdan aciz, strateji nöqteyi-nəzərdən daha güclü və daha sıx birləşmiş Qərb qarşısında müdafiəsiz vəziyyətə salacaq: “Rusiya prezidentinin davranışları artıq böyük sanksiyalara gətirib çıxarıb. O, genişmiqyaslı hücuma keçib Ukraynanı bütövlükdə ələ keçirməyə cəhd göstərsə, nəticə daha ağır olacaq. Təkcə Rusiya iqtisadiyyatı deyil, Putinin yaxın ətrafındakı bir ovuc korrupsioner dostları da pərən-pərən düşəcək və çox güman, həmin dostları belə onun hakimiyyətinə meydan oxumağa başlayacaqlar.
Aydın məsələdir ki, qanlı-qadalı müharibə adamların həyatı bahasına başa gələcək, o biri yandan da Rusiyanın resurslarını tükədəcək. Avropa Rusiyanın enerji resurslarından asılılığı azaltmağın yollarını arayacaq. (Proses artıq başlayıb: Almaniya “Şimal axını – 2” qaz kəmərinin lisenziyalaşdırılmasını dayandırıb).
Rusiyanın təcavüz aktı NATO-nu alyansın şərq cinahını gücləndirməyə, Baltikyanı ölkələrdə, Polşa və Rumıniyada daimi qüvvələr yerləşdirmək məsələsinə baxmağa sövq edəcək. (Fevralın 22-də ABŞ prezidenti Cozef Bayden Baltikyanı ölkələrə əlavə qoşun göndərdiyini bəyan edib). Qərbdən güclü dəstək alan Ukrayna Rusiyaya silahlı müqavimət göstərmək imkanında olacaq.
Putin anlamalıdır ki, ikinci soyuq müharibə ona xeyir gətirməyəcək, heç nüvə dövləti olması da ona kömək etməyəcək. Dünyanın bütün qitələrində ABŞ-ın güclü müttəfiqləri var. Putinin dostları arasında isə Bəşər Əsədi, Aleksandr Lukaşenkonu, Kim Çen Inı görmək olar.
Əgər Putin özünü küncə sıxışdırılmış kimi hiss edirsə, günah özündədir. Baydenin də qeyd etdiyi kimi, ABŞ-ın Rusiyada sabitliyi pozmaq və ya onu qanuni istəklərindən məhrum etmək niyyəti yoxdur. Məhz buna görə Baydenin administrasiyası və müttəfiqləri Moskvanı təhlükəsizlik məsələləri üzrə əhatəli danışıqlara dəvət edir. ABŞ Rusiyadan bütün ölkələrə şamil olunan beynəlxalq standartlara uyğun davranmağı tələb etməlidir.
Putin və onun çinli həmkarı Si Cinpin bizim indi çoxqütblü dünyada yaşadığımızı bəyan etməyi xoşlayırlar. Bu, doğrudur, amma o demək deyil ki, böyük dövlətlərin keçmişdə müstəmləkəçi imperiyalar kimi dünyanı təsir dairələrinə bölməyə haqqı çatır.
Qonşuları kim olur-olsun, Ukraynanın suverenlik hüququ var. Çağdaş dövrün böyük dövlətləri Ukraynanın suverenliyini tanıyır, Putin də tanımalıdır. Bu, Qərb diplomatiyasının əsas tələbi, qanunun aliliyi ilə idarə olunan dünya ilə qaydasız idarə olunan dünya arasında fərqi göstərən əsas şərtdir”.
Mənbə: Nytimes.com