Prezident İlham Əliyev fevralın 22-si Moskvada həmkarı Vladimir Putinlə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə imzalayıb. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli sənədin Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırdığını düşünür: “Bu bəyannamə ilə Rusiya Azərbaycanı istənilən hərəkətdən çəkindirmək səlahiyyəti qazanır. Sənədə əsasən, Rusiya və Azərbaycan tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Tərəflərdən biri (təbii ki, bu tərəf Rusiya olacaq) özü təkbaşına qərar verə bilər ki, digər tərəfin (Azərbaycanın) hansısa hərəkəti müttəfiqlik münasibətlərinə xələl gətirir. O halda biz həmin hərəkətdən imtina etməliyik. Təkcə bu maddə ilə Rusiyaya bütün hərəkətlərimizi təftiş etmək və bizi İSTƏNİLƏN hərəkətdən çəkindirmək səlahiyyəti vermişik.
Bəyannamədə başqa təhlükəli müddəalar da var. Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirməli, yenə də yararsız silahlar almalı olacağıq, boynumuza birgə hərbi təlimlər də qoyacaqlar. Ordunu dinc buraxmayacaqlar. Türkiyə hərbçilərinin köməyi ilə aparılan ordu quruculuğuna müdaxilələr artacaq.
Bəyannaməyə görə, tərəflər regionda sülhü və sabitliyi (?) də birlikdə təmin edəcəklər, terrorçuluqla da birgə mübarizə aparacaqlar. Bütün bunlar lazım gələndə Rusiyanın Azərbaycanın daxili işlərinə müdaxiləsinə hüquqi rıçaqlar yaradır.
22 fevral bəyannaməsi 10 noyabr 2020-ci il razılaşması ilə Rusiya ordusunun Azərbaycana gətirilməsi prosesinin davamıdır. O zaman Azərbaycana daxil oldular, indi isə, təəssüf ki, möhkəmlənirlər”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Rusiya ilə yaxın qonşuluq münasibətlərinə, ticarət əlaqələrinin inkişafına, investisiya əməkdaşlığının genişlənməsinə qarşı deyil: “Lakin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsdi də qəbul edə bilmirəm. 22 fevral bəyannaməsi Azərbaycanı Rusiyadan daha çox asılı vəziyyətə salacaq və ölkəni Rusiyanın xarici siyasət prioritetlərinin dəstəkçisinə çevirəcək”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası bəyannaməyə dair mövqe sənədi də yayıb. Qurum Moskva bəyannaməsini Azərbaycanın xarici siyasət, təhlükəsizlik, iqtisadi və hərbi ticarətlə bağlı müstəqil dövlət siyasəti yeritməsinə baryerlər yaradacaq, Rusiyanın maraqlarına xidmət edən, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı bəyannaməyə qarşı olan sənəd kimi qiymətləndirir: “Moskva bəyannaməsi Azərbaycan Konstitusiyasına və ölkənin tərəfdar çıxdığı, üzv olaraq indiyədək imzaladığı və ratifikasiya etdiyi beynəlxalq saziş və konvensiyalarda götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.
Partiya Rusiya və Azərbaycanın BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində eyni və ya yaxın mövqelər tutmaqla qarşılıqlı fəaliyyət göstərməsi, sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmi yaradılması barədə müddəaları konstitusiyaya və müstəqil xarici siyasət doktrinasına zidd hesab edir.
Moskva bəyannaməsində sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasının, eləcə də Rusiya və Azərbaycan ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alınmasının ifadə edilməsi Rusiyanın Azərbaycana qoşun yeritməsinə şərait yaradan norma və dövlət suverenliyinin məhdudlaşdırılmasıdır.
ADR Partiyası Moskva bəyannaməsini Azərbaycanın sivil dünyadan uzaqlaşdırılması, suveren dövlət hüquqlarının məhdudlaşdırılması, ölkənin daxili işlərinə müdaxilə yolu ilə hakimiyyətin Rusiyadan asılı vəziyyətə salınması aktı kimi qiymətləndirir, xalqı ictimai etiraza və Milli Məclisi bu sənədi ratifikasiya etməməyə çağırır”.
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli vurğulayır ki, Moskva bəyannaməsində Azərbaycanı birbaşa narahat və təhdid edən maddələr yoxdur, amma narahatedici məqamlar var: “Sənədin məğzini belə qruplaşdırmaq olar – Moskva Azərbaycanın NATO-dan uzaq olmasına zəmanət istəyir (zatən indi bizi NATO-da gözləyən də yoxdur); Kreml deyir ki, Xəzər dənizində sahil ölkələrə məxsus hərbi kontingentdən başqa heç bir ölkənin hərbçiləri olmamalıdır (bu müddəa Xəzərin statusuna dair 2018-ci il konvensiyasında da var); Moskva deyir ki, bizə qarşı kəskin sanksiyalar olsa, siz qarışmayın, ticarətimiz davam etsin; Kreml deyir ki, bizim biznesi hər yerdə sıxacaqlar, siz onları ölkəyə buraxın; Moskva tələb edir ki, yenə bizdən silah alın.
Müsbət olan bir bənd var: “Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”. Mətn olaraq yaxşıdır, qalır həyata keçirilməsi, bu isə müşküldür, çünki rəsmi Kreml Xankəndidəki qondarma rejimi faktiki olaraq tanıyıb, onunla əməkdaşlıq edir.
Kremllə istənilən sənəd su üzərinə yazılmış kimidir, hər zaman pozula bilər. Ona görə də güclü daxili siyasətə hesablanmış dövlət institutları qurmağın əsl zamanıdır ki, təhlükələrdən sığortalanmaq mümkün olsun”.
43 maddəlik Moskva sənədinin 1-ci maddəsinə görə, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Bəyannaməyə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər; milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
Sənəddə bunlar da bəyan olunub:
Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.
Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.
Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.
Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.
Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.