NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya genişmiqyaslı hücum planlaşdırdığını bəyan edib və Moskvanı siyasi kursu dərhal dəyişməyə çağırıb.
Novator.az saytı ABŞ-ın “Fox News” kanalına istinadla xəbər verir ki, Yens Stoltenberq jurnalistlərə açıqlamasında Rusiyanı diplomatiya yolunu seçməyi tövsiyə edib: “Biz indi Avropanın təhlükəsizliyi baxımından bütöv bir nəsil üçün ən təhlükəli məqamdayıq. Baş verənlər Rusiyanın Ukraynaya genişmiqyaslı hücum planını davam etdirdiyini göstərir”.
“Fox News” kanalı qeyd edir ki, baş katibin bu açıqlaması Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində iki separatçı rejimi müstəqil dövlət kimi tanımasından, ardınca həmin bölgələrə “sülhməramlı” qoşun yeritmək qərarı verməsindən bir gün sonra səslənib.
Stoltenberq vurğulayıb ki, Putinin göstərişi ilə Rusiya qoşunlarının artıq Ukraynaya soxulduğuna dair NATO-nun əlində dəlillər var.
Baş katib 150 mindən çox rus hərbçisinin Ukrayna sərhədi boyunca – Rusiya, Belarus, eləcə də işğal olunmuş Krım və Donbas bölgələrində cəmləndiyini diqqətə çatdırıb: “Moskva Ukraynada sabitliyi pozmağa gizli səy göstərirdi, indi isə açıq hərbi əməliyyatlara keçib. Rusiyaya məxsus bir çox hərbi birləşmə döyüş hazırlığı vəziyyətinə gətirilib. Onlar öz daimi düşərgələrindən çıxarılıb və zərbə endirməyə hazırdırlar”.
Yens Stoltenberq Almaniya, Böyük Britaniya və ABŞ kimi ölkələrin Kremlə bağlı maliyyə qurumlarını hədəfə almaq üçün təcili addımlar atmasını alqışlayıb. O vurğlayıb ki, NATO Ukraynanın müdafiəsinə hərbi-texniki və maliyyə yardımını davam etdirəcək.
“Fox News” kanalının məlumatında qeyd olunur ki, rus qoşunlarının Ukraynanın şərq rayonlarına cəmləndiyi bildirilsə də, ABŞ və NATO Rusiya ilə hərbi əməliyyatlar aparmaq üçün Kiyevə qoşun göndərməyəcəyini açıqlayıb. Səbəb kimi Ukraynanın NATO-ya üz olmaması göstərilib.
Ukrayna ətrafındakı Rumıniya və Polşa kimi alyansa üzv ölkələr isə Rusiyanın mümkün təcavüzündən müdafiə üçün ABŞ, Böyük Britaniya və Baltikyanı dövlətlərdən hərbi dəstək alıb. Həmin ölkələrə minlərlə hərbçi göndərilib.
Avropanı genişmiqyaslı müharibənin bürüyəcəyinə dair narahatlıqlar artıb. Bununla bağlı jurnalistlərin sualını cavablandırarkən Stoltenberq təhlükənin real olduğuna dair xəbərdarlıq edib: “Ukrayna çox dəyərli tərəfdaşdır, biz ona həm hərbi, həm siyasi dəstək göstəririk. Ancaq biz təhlükəsizliklə bağlı tam zəmanəti söhbət yalnız NATO üzvlərindən gedəndə verə bilirik. Yəni açıq şəkildə söyləyirik ki, əgər NATO üzvlərindən biri hücuma məruz qalsa, alyans hamılıqla bunun cavabını verəcək. Başqa sözlə, bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Biz müttəfiqlərimizi qorumaq işində istisnaya yol vermirik”.
NATO rəhbəri onu da vurğulayıb ki, Rusiyanın hələ də Ukraynaya müdaxilə etməmək, danışıqlar masasına əyləşmək, siyasi kursunu dəyişmək imkanı var: “Hücuma keçməmək heç vaxt gec deyil. Ona görə də biz Rusiyanı geri çəkilməyə, vəziyyəti gərginləşdirməməyə və vicdanla diplomatik danışıqlar aparmağa çağırırıq”.
Mənbə: Foxnews.com