2008-2020-ci illərdə Rusiya keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) məkanında üç rəsmi təcavüz aktı törədib.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.
8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukrayna keçmiş SSRİ məkanında yeni beynəlxalq təşkilatın – Müstəqil Dövlətlər Birliyinin (MDB) əsasını qoyublar.
21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, 9 dekabr 1993-cü ildə Gürcüstan da MDB-yə daxil olublar.
1997-ci il oktyabrın 10-da Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova beynəlxalq regional təşkilat – GUAM təsis ediblər. 1999-2005-ci illərdə Özbəkistan da bu qurumda təmsil olunub, həmin müddətdə təşkilat GUÖAM adı daşıyıb.
2006-cı il mayın 23-dən qurum Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM kimi fəaliyyət göstərir.
Novator.az bildirir ki, GUAM ölkələrinin hər biri işğala məruz qalıb.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.
Rusiyanın hərbi-siyasi təcavüzünə məruz qaldığı üçün Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.
2014-cü il fevralın 22-də Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən sonra Rusiya bu ölkənin Krım yarımadasını (Krım Muxtar Respublikasını və Sevastopol şəhərini) zəbt edərək martın 18-də özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin isə bir hissəsində separatçı rejimlər qurub.
Ukrayna 2014-cü ildən başlayaraq MDB-də iştirakını dayandırıb.
2022-ci il fevralın 21-də Rusiya Ukrayna torpağında qurulmuş “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki separatçı rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb.
Bu, Abxaziya və Osetiya, Krim istilalarının ardınca Rusiyanın keçmiş SSRİ məkanında üçüncü rəsmi təcavüz aktı olub.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.
1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Yuxarı Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğal zonasında qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür.