Azərbaycanlı siyasətçilər Rusiyanın Ukraynaya yeni təcavüzü ilə bağlı şərhlər yayıb.
2014-cü ildə Ukraynada hakimiyyətə Qərbə bağlı qüvvələr gələndən sonra Rusiya bu ölkənin Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı separatçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya prezidenti “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanımaq barədə fərmanlar imzalayıb.
Novator.az-ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yazır ki, Donbasdakı qondarma rejimlərin müstəqil dövlətlər kimi tanınması suveren Ukrayna dövlətinə və beynəlxalq hüquqa təcavüz aktı, işğalçılıq hərəkəti, beynəlxalq sülhə, o cümlədən Azərbaycanın maraqlarına ciddi təhlükədir: “Xalq Partiyası Putun Rusiyasının müstəmləkəçi, imperialist siyasətini pisləyir və Azərbaycan hökumətini bu məsələdə qeydsiz-şərtsiz beynəlxalq hüququ, ədaləti, Ukraynanı müdafiə etməyə çağırır”.
AXCP sədri Əli Kərimli qeyd edir ki, Rusiyanın Ukrayna ərazilərində qurduğu oyuncaq “respublikaları” müstəqil dövlət kimi tanıması işğal cəhdidir: “Özünə hörmət edən heç bir normal dövlət Donbasın Ukraynadan qoparılmasını tanımayacaq. Ukrayna ərazilərinin işğalı Rusiyanın beynəlxalq təcridini daha da gücləndirəcək.
Azərbaycan bundan sonra da Donetsk və Luqanskı Ukrayna ərazisi kimi tanımaqda davam etməlidir. Təəssüf ki, belə bir vaxtda, fevralın 21-də İlham Əliyev Moskva səfərinə çıxıb. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi imzalanacağı bildirilir. Bəyannamənin məzmunu bizə məlum deyil, ancaq indidən də bəzi qənaətlərə gəlmək olar. Əvvəla, Rusiya ilə müttəfiqlik haqda bəyannamə imzalamaqla Azərbaycan hakimiyyəti Türkiyə ilə müttəfiqliyi nəzərdə tutan Şuşa bəyannaməsini xeyli əhəmiyyətsizləşdirmiş olacaq. Azərbaycan hakimiyyəti Rusiya və Türkiyə ilə yenidən bərabər məsafədə dayanmaqla faktiki olaraq Şuşa bəyannaməsindən əvvəlki dövrə qayıdır.
Biz Rusiya ilə münaqişə istəmirik. Onunla normal, qarşılıqlı faydalı münasibətlərə tərəfdarıq. Ancaq bu o demək deyil ki, Qarabağ üzərində suverenliyimizin bərpasına imkan verməyən, Azərbaycanın təbii strateji tərəfdaşları olan Ukrayna və Gürcüstanın ərazilərini işğal edən ölkə ilə rəsmi müttəfiq olmalıyıq.
Rusiya ilə müttəfiqlik Moskvanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq imkanlarını artıracaq, Azərbaycanın beynəlxalq aləmdən təcridini sürətləndirəcək”.
Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Avrasiya məkanında ağır vəziyyət yaranıb: “Yalnız düzgün hesablanmış, məsuliyyətli siyasət Azərbaycanı bu qovğadan itkisiz çıxara bilər. Azərbaycan hakimiyyəti qəbul olunan qərarların tarixi əhəmiyyətini dərk etməli, hər hansı səhvin böyük fəsadlara yol aça biləcəyini nəzərə almalıdır.
Narahatlıq yaradan əsas məsələlərdən biri indiki böhran şəraitində İlham Əliyevin Moskvaya dəvət olunması və orada bəzi sənədlərin imzalanması niyyətidir. İlham Əliyev Rusiya-Ukrayna münaqişəsində Azərbaycanın Rusiyanın yanında olduğu anlamına gələ biləcək hər hansı sənədə imza atmamalıdır. Bu, Azərbaycan üçün sonradan qarşısının alınması mümkün olmayan problemlər yarada bilər”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu qeyd edir ki, Rusiya ilə müttəfiqlik bəyannaməsi sivil dünyanın Kreml rejiminə qəzəbinin pik həddinə çatdığı şəraitdə Şuşa bəyannaməsinin təsirinin azaldılmasına və Rusiyanın bölgədə, Azərbaycanda, xüsusilə də Qarabağda güclənməsinə xidmət edir: “Türkiyə ilə imzalanan bəyannamənin oxşarının Rusiya ilə imzalanması Azərbaycan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırır. Bu bəyannamə Azərbaycan iqtisadiyyatına Qərb sərmayələrinin cəlb edilməsini çətinləşdirəcək, Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi imzalaması sahəsində gözləntiləri daha da azaldacaq”.
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini nəzərdə tutan Şuşa bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan 2021-ci il iyunun 15-də imzalayıblar. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı təhdid, təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılacaq, təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə təşəbbüs həyata keçiriləcək, bir-birinə zəruri yardım göstəriləcək, müdafiə ehtiyaclarının ödənməsinə qərar veriləcək və Silahlı Qüvvələrin əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.