Fevralın 22-si Səbail Rayon Məhkəməsində siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə hazırlıq iclası keçirilib. Novator.az-ın məlumatına görə, çəkişmənin martın 10-da başlanmasına qərar verilib.
Tofiq Yaqublu məhkəmədən Səbail Rayon Prokurorluğunun 30 dekabr 2021-ci il qərarının ləğvini, işgəncəyə məruz qalması üzrə cinayət işi başlanmasının təmin olunmasını istəyir.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu ictimai-siyasi fəalların 2021-ci il dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyada tutularaq döyülüb. Siyasətçinin bildirdiyinə görə, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.
Dekabrın 3-dən siyasətçinin şikayətini araşdıran Səbail Rayon Prokurorluğu cinayət işi qaldırmayıb. Baş Prokurorluğun 12 yanvar 2022-ci il məlumatında bildirilib ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmayıb, cinayət hadisəsi olmaması əsas gətirilərək toplanmış material üzrə cinayət işinin başlanması 2021-ci il dekabrın 30-da rədd edilib.
Səbail Rayon Prokurorluğunun qərarında göstərilib ki, Tofiq Yaqublu xəsarətləri polis bölməsində özünü divara, yerə vuraraq və əlləri ilə sifətinə zərbələr endirərək alıb, tutulduğu gün bölmədən sərbəst buraxılıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.
Tofiq Yaqublu: müayinənin nəticəsi açıqlanıb
Prokurorluq Tofiq Yaqublunun döyülməsini araşdırır
Tofiq Yaqublu polis bölməsindən necə aparılıb?
Nigar Həzi prokurorluqda ifadə verdi
“Tofiq Yaqublunu rahatca öldürə bilərlər”
Tofiq Yaqublu qərarında nələr var?