Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin televiziya ilə xalqa səslənib. Novator.az-ın məlumatına görə, dövlət başçısı Ukrayna torpağında qurulmuş “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanımaq barədə fərmanlar imzaladığını bəyan edib.
Elə həmin gün Rusiya prezidenti hər iki separatçı rejimin rəhbəri ilə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr də imzalayıb.
2014-cü il fevralın 22-də Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən sonra Rusiya bu ölkənin Krım yarımadasını (Krım Muxtar Respublikasını və Sevastopol şəhərini) zəbt edərək martın 18-də özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin isə bir hissəsini işğal altına alıb.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 2022-ci il fevralın 15-də Vladimir Putinə müraciətdə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanınmasını istəmişdi. Vladimir Putin həmin müraciəti fevralın 21-də sədri olduğu Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxararaq xeyir-dua alıb.
Rusiya keçmiş SSRİ məkanında daha iki qondarma rejimi rəsmən müstəqil dövlətlər sayır. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.