Müxalifət liderləri Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı həyəcan təbili çalır. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Xankəndi ətrafında 16 mərtəbəli yaşayış binalarının tikildiyini, Xocalıda çoxmərtəbəli yaşayış binalarının tikintisinin davam etdiyini, Yuxarı Qarabağ ərazisində 10 minədək rus hərbi qulluqçusunun yerləşdirilməsini nəzərdə tutan mərkəzlərin yaradıldığını, Rusiyanın ərazilərdə yollar çəkdiyini, müasir kommunikasiya sistemləri qurduğunu, Ermənistan kəndlərinin əhalisinin Yuxarı Qarabağa köçürüldüyünü yazır.
Siyasətçi qeyd edir ki, Xankəndidə rus icmasının yaradılması Rusiyanın ucqarlarından da əraziyə əhalinin köçürülməsi niyyətindən xəbər verir: “Qondarma rejim Şuşanı, Hadrutu işğal zonaları adlandıraraq bu ərazilər barədə “qanun” qəbul edir. Erməni separatçılar Suqovuşandan Kəlbəcərə gedən maşın karvanımızı geri qaytarır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Yuxarı Qarabağa aid bütün səlahiyyətlərin Rusiya hərbi qüvvələrinə aid olduğunu açıq bəyan edir.
Bütün bunlara göz yuman Azərbaycan hakimiyyəti isə gücünü öz vətəndaşlarına göstərir. Dədə-baba yurdlarına gedənlərin yolunu kəsir, onları hədələyir, həbs edir. Status ölməyib, gorbagor olmayıb. Əksinə, Yuxarı Qarabağın regionun əsas güc mərkəzi olan Rusiyanın nəzarətinə keçməsi qondarma rejimin möhkəmlənməsi və öz separatçı fəaliyyətini daha inamla sürdürməsi üçün əlavə resurslar əldə etməsi ilə nəticələnib.
İndi Yuxarı Qarabağda baş verənlər Azərbaycanın gələcəyi yolunda qoyulmuş mina yox, atom bombasıdır. Vaxtında zərərsizləşdirilməsə, hökmən partlayacaq!”
AXCP sədri Əli Kərimli yazır ki, Qarabağdakı erməni separatçıların qondarma parlamenti “işğal olunmuş ərazilər qanunu” qəbul edib: “Separatçılar ordumuzun azad etdiyi Şuşa və Hadrutu öz aləmlərində “işğal edilmiş ərazi” sayır. Aydın məsələdir ki, bu absurd cızma-qara gələcəkdə atəşkəsin pozulmasına zəmin yaratmaq üçündür.
Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan karvanlarının qarşısını təqribən 200 nəfər mülki geyimli erməni kəsib. Rusiya “sülhməramlılarının” müdaxiləsi də guya nəticə verməyib, maşın karvanı Suqovuşana qayıtmalı olub.
Ermənistanın ombudsmanı Qarabağa səfər edərək separatçıların rəhbərləri ilə görüşüb, Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış erməni əhaliyə də baş çəkib.
2021-ci ildə Xocalıda çoxsaylı yaşayış evləri və inzibati binalar tikən separatçılar indi də Şuşanın Malıbəyli kəndini tikinti meydançasına çeviriblər, eyni vaxtda 15 dördmərtəbəli bina tikirlər.
Erməni separatçılar təmas xətti boyu səngər qazıb istehkamlarını gücləndirir. Heç bir şübhə yoxdur ki, Rusiya “sülhməramlılarının” birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər Qarabağdakı separatçıların mövqeyini gücləndirmək, bölgəni Azərbaycandan uzaqlaşdırmaq və Rusiyaya daha möhkəm bağlamaq məqsədi güdür.
Ərazisində düşmənin at oynatdığı, gələcək üçün daha ciddi problemlərin bünövrəsinin qoyulduğu dövlətin hakimiyyətinin bütün bu prosesə göz yummağa haqqı yoxdur”.
1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Yuxarı Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğal zonasında qalır.
Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndləri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür.