Fevralın 21-də baş nazir Əli Əsədov antiinflyasiya tədbirlərinə sərəncam verib. Sərəncamda İqtisadiyyat Nazirliyinə inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanması məqsədilə bunlar tapşırılır: minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görmək və nəticəsi barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumat vermək; minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək; minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək; Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görmək; daxili bazarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat vermək.
2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görməli və nəticəsi barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumat verməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görməli; əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat verməlidir.
Maliyyə Nazirliyi inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımi tədbirlər görməlidir.
Mərkəzi Banka bunlar tövsiyə edilib: inflyasiyanın makroiqtisadi sabitlik və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçirmək; inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görmək.
Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvarında istehlak qiymətləri ötən ilin ilk ayına nisbətən 12,5 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,1 faiz, qeyri-ərzaq məhsulları 5,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 11,1 faiz bahalaşıb.