Fevralın 18-də prezident İlham Əliyev təyinat sərəncamları imzalayıb. Elgin Şirin oğlu Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin, Coşqun Adil oğlu Cəbrayılov Bakının Nizami Rayon İcra Hakimiyyətinin, Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
AZƏRTAC xəbər verir ki, yeni icra başçılarını video formatında qəbul edən prezident İlham Əliyev onlara tapşırıqlar verib: “İlk növbədə rayonlarda vəziyyət dərindən təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız.
Bütün məmurlar qarşısında qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçısı cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.
Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız.
Kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində ilk növbədə insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar ön plana çıxmalıdır”.
Dövlət başçısının fevralın 18-də imzaladığı başqa bir sərəncamla Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru postuna təyinat alıb.