Fevralın 11-də prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının – “Qobu” yarımstansiyasının və “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib. Açılışdan sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verən prezident deyib ki, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir: “Həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.
Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya bizim enerji sistemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib.
Bu gün hər kəs görür ki, dünyada iqtisadi böhran, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat – həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir.
Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Eyni zamanda ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik.
Eyni zamanda bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır – Türkiyə, Rusiya, Gürcüstan və İran”.