Bakuresearchinstitute.org saytı vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliyevin regional idarəetmə problemləri ilə bağlı məqaləsini yayıb. Ekspert Qarabağ iqtisadi rayonunun işğaldan azad olunan ərazilərinə prezidentin xüsusi nümayəndəsinin təyin edilməsinə, Təhsil Nazirliyinin yerli qurumlarının regional idarələrlə əvəzlənməsinə toxunaraq yazır ki, bunlar ölkədə regional idarəetməyə keçid və yerli icra hakimiyyətlərinin ləğvi məsələsini aktuallaşdırıb: “Gözləntilər özünü doğruldarsa, hökumət ilk növbədə konstitusiya islahatlarına getməli olacaq. Konstitusiya islahatları isə ümumxalq referendumunun keçirilməsini tələb edir”.
Prezidentin Qarabağ iqtisadi rayonunda (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Ağdam, Füzuli, Xocalı, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərinə məsuldur. Samir Əliyev qeyd edir ki, həmin rayonlarda yerli icra hakimiyyəti strukturları da mövcuddur: “Hökumətin regional idarəetməyə keçmək planı varsa, bu halda ortaya vacib bir sual çıxır: rayon və şəhər icra hakimiyyətləri strukturunun funksiyaları kimə həvalə olunacaq? Axı bu strukturlar inzibati ərazilərin bütün səviyyələrində – rayon (şəhər), qəsəbə, kənd yerlərində dövlət hakimiyyəti orqanlarını təmsil edirlər. Hətta əhalisinin sayı 20 min nəfər və daha çox olan ərazilərdə sahə inzibati ərazi dairəsi institutları da fəaliyyət göstərir. Regional statusda olan xüsusi nümayəndəlik belə çoxpilləli yerli dövlət idarəetməsinin öhdəsindən gələ biləcəkmi?
Bu suallara cavab axtararkən diqqət yerli özünüidarə qurumları olan bələdiyyələrə yönəlir. Azərbaycanın qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının 4.3-cü bəndində deyilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq əsas etibarilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Vətəndaşlara daha yaxın olan hakimiyyət orqanları qismində bələdiyyələr nəzərdə tutulur.
Bəs Azərbaycanda bələdiyyə icra hakimiyyəti strukturunun funksiyasını tam və ya qismən üzərinə götürə bilərlərmi? Dövlət rəsmilərinin bu suala cavabı mənfidir. Onların əsaslandırmasına görə, peşəkar kadrların çatışmazlığının müşahidə olunduğu, idarəetmə bacarığının aşağı və maliyyə potensialının zəif olduğu yerli özünüidarə qurumlarına belə bir məsuliyyəti həvalə etmək problemlər yarada bilər.
Cəmiyyətin müxtəlif qrupları isə dövri olaraq bələdiyyələrin lazımsız qurum olması, onların ləğvinin vacibliyi fikrini səsləndirir.
Əslində bələdiyyələrin mövcud duruma düşməsinin səbəbi obyektivdir. Böyük neft pullarının ölkəyə gəlməsi fonunda 2000-ci illərin ortalarından başlayaraq mərkəzi hakimiyyətin hədsiz mərkəzləşdirmə siyasəti bələdiyyələr haqqında lazımsız qurum imici formalaşdırıb. Bu illər ərzində bələdiyyələrin səlahiyyətləri məhdudlaşdırılıb, maliyyə potensialı zəiflədilib, onlar yerli icra hakimiyyəti strukturlarından asılı vəziyyətə salınıb. Ancaq bələdiyyələrin mövcud durumu onları prosesdən kənarlaşdırıb fərqli bir strukturun yaradılması təşəbbüsünə yol açmamalıdır.
Azərbaycan hökuməti 2002-ci ildə Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını qəbul edəndə üzərinə bir sıra öhdəlik götürüb. Həmin öhdəliklərə görə, dövlət əks-mərkəzləşməyə getməli, səlahiyyətlərinin əhəmiyyətli hissəsini vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə etməli, onları zəruri maliyyə mənbələri ilə təmin etməlidir. Təəssüf ki, bu vaxtadək aparılan qiymətləndirmələr hökumətin öhdəlikləri icra etmədiyini göstərir.
Azərbaycanda səlahiyyət müddəti 5 il olan bələdiyyə qurumları 22 ildir fəaliyyət göstərir. Bu müddətdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycan hökumətinin xartiyanın tələblərini yerinə yetirmə səviyyəsini qiymətləndirmək üçün üç dəfə monitorinq aparıb. İlk monitorinqin nəticəsi olaraq 2003-cü ildə Azərbaycan hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsinin zəruriliyini ifadə edən tövsiyə ünvanlanıb.
İkinci monitorinq 2012-ci ildə keçirilib və yeni tövsiyə verilib.
Üçüncü monitorinq 2021-ci ilin fevral ayında keçirilib. Həmin ilin mayında Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında üçüncü tövsiyə qəbul edilib.
9 illik fasilə ilə keçirilmiş hər üç monitorinqin nəticələrini analiz etdikdə məlum olur ki, onlar bir-birindən cüzi fərqlənir. Hər üçündə fundamental dəyişikliklərin edilmədiyi vurğulanır.
Son tövsiyədə Azərbaycan hökumətinin yerli özünüidarə institutunun gücləndirilməsi üçün bir sıra vacib addımlar atması istənir:
– bələdiyyələrin ümumi dövlət idarəetməsinin tərkib hissəsi olaraq dövlət hakimiyyətini həyata keçirən dövlət institutu qismində tanınması;
– qanunvericilikdə bələdiyyələrlə yerli icra hakimiyyəti qurumları arasında münasibətlərin aydın göstərilməsi, hər iki qurum arasında səlahiyyətlərin təkrarlanmasının aradan qaldırılması;
– bələdiyyə qanunvericiliyinə dəyişiklik edilərək bələdiyyələrin öhdəlik və səlahiyyətlərinin tam və müstəsna olmasının təmin edilməsi;
– paytaxtın statusu haqqında qanunun qəbulu, Bakı şəhərində vahid və demokratik seçilmiş bələdiyyə hakimiyyətinin yaradılması;
– bələdiyyə qulluqçularının əmək haqları və öhdəlikləri də daxil olmaqla iş şəraitinin yaxşılaşdırılması, bələdiyyə qulluğunun peşəkar kadrlar üçün cəlbedici edilməsi;
– bələdiyyələrin parlament qarşısında hesabat verməsi öhdəliyinin aradan qaldırılması və bələdiyyələrin hesabatlılığını tənzimləyən qanunun qəbul edilməsi;
– bələdiyyələrə yerli vergi dərəcələrini müəyyənləşdirmək və dövlət transfertləri zamanı birgə maliyyələşmə prinsiplərini təmin etməklə onların öz gəlirlərini artırmaq və dayanıqlı etməklə dövlətdən asılılıqlarının azaldılması…
22 ildə Azərbaycan hökumətinə verilən hər üç tövsiyənin təklifləri üç mühüm məqsədə əsaslanır: statusun müəyyənləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi və artırılması, maliyyə təminatının genişləndirilməsi.
Bu məqsədlərə nail olmaq çox vacibdir, istənilən birinin olmaması digər məqsədlərə çatmağı şübhə altına alır. Azərbaycan hökuməti hələ ki, bələdiyyələrin gücləndirilməsi istiqamətində addım atmaqda, öz səlahiyyətlərinin bir hissəsinin yerli hakimiyyətə ötürülməsində maraqlı görünmür”.
Ekspert sonda yazır ki, hökumət xüsusi nümayəndəlik institutu yaratmaqla cəmiyyətdə icra hakimiyyətlərinin ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsi istiqamətində müzakirələrin açılmasına rəvac verib: “Cəmiyyətdə gedən müzakirələrə hökumətdən reaksiya yoxdur. Ancaq görünən budur ki, hökumətin yerli idarəetməni indiki səviyyədə saxlamaq fikri yoxdur və dəyişikliklər olacaq”.