Dövlət Maliyyə Nəzarəti Xidməti 2021-ci ildə 144 nəzarət obyektində apardığı tədbirlərdə 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib. Maliyyə Nazirliyinin rəsmi hesabatına görə, Biləsuvar, Cəlilabad və Şəmkir Rayon İcra hakimiyyətləri və tabeli qurumları üzrə nəzarət tədbirlərində inzibati binalarda, avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatlarından vəsaitin köçürülməsinə baxmayaraq material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənməsi halları müəyyən olunub.
Həmçinin icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitləri, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənmiş vəsaitləri məsul şəxslərin geri aldığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.
Mədəniyyət Nazirliyində aparılan nəzarət tədbirləri zamanı bir neçə müəssisə və təşkilata qabaqcadan ödənmiş vəsaitlərin müqabilində material qiymətlilərinin alınmaması və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlərin olmaması, həmçinin bir xidmətin yerinə yetirilməsinə dair sənədləşmə aparılmaqla xeyli məbləğdə artıq vəsaitin podratçı şirkətin hesabına köçürülməsi, mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsinin həmin obyektlərə ümumiyyətlə verilməməsi və onların balansa qəbul edilməməsi nəticəsində büdcə vəsaitlərinin təyinatından yayındırıldığı üzə çıxıb.
Yerinə yetirilməsi sənədləşdirilmiş bəzi xidmətlərin faktiki olaraq yerinə yetirilmədiyi və bu xidmətlərə görə özəl qurumlara köçürülən vəsaitlərin nağdlaşdırılaraq nazirliyin məsul şəxslərinə verildiyi bilinib.
Mədəniyyət Nazirliyinin sifarişləri əsasında mədəniyyət obyektlərində təmir-tikinti işlərinin aparılmasına dair sənədlərin yoxlanması zamanı işlərin həcminin əsassız olaraq şişirdildiyi və podratçı şirkətlərə real iş həcmlərinin dəyərindən artıq böyük məbləğdə büdcə vəsaitinin köçürüldüyü aşkar edilib.
Xarici İşlər Nazirliyində aparılan nəzarət tədbirləri nəticəsində dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub.
Nazirlikdə istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin sənəd olmadığı halda əsassız xərcləndiyi müəyyənləşib.
Azərbaycanın İordaniyadakı səfirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda, Kəlbəcər Rayon Təhsil Şöbəsində, Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində, Yevlax rayonunun Aran bələdiyyəsində aparılan yoxlamalarda da ayrı-ayrı nöqsanlar aşkarlanıb.